...

Azərbaycan və Rusiya Prezidentləri Qafqaz regionundakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər (FOTO)

Siyasət Materials 23 Yanvar 2012 13:29 (UTC +04:00)
Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Dmitri Medvedev Qafqaz regionundakı vəziyyəti, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.
Azərbaycan və Rusiya Prezidentləri Qafqaz regionundakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər (FOTO)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Dmitri Medvedev Qafqaz regionundakı vəziyyəti, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.

"Biz regionda vəziyyətin necə inkişaf edəcəyinə baxacağıq", - görüşü açan Rusiya dövlətinin rəhbəri bildirib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

"Biz Qafqazla çox sıx bağlıyıq, bəzi bir sıra yaxın regionlarda olduğu kimi, burada baş verənlərə laqeyd deyilik", - o qeyd edib.

Dmitri Medvedev, həmçinin Ermənistan Prezidentinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş qarşıdakı üçtərəfli görüşün vacibliyini də qeyd edib. "Bu görüşlər müntəzəm keçirilir, haradasa irəliləyiş var, hardasa problemlər var, lakin bu dialoq faydalıdır və mən ümid edirəm ki, belə əlaqələr davam edəcək", - Medvedev qeyd edib.

Rusiya Prezidenti habelə "Rusiya-Azərbaycan əməkdaşlığının necə inkişaf etdiriləcəyini, gələcək barədə danışmağı, ötən il baş verənləri qiymətləndirməyi" təklif edib. Bununla yanaşı, Rusiyanın dövlət başçısı 2011-ci ildə əməkdaşlığın nəticələrini yaxşı qiymətləndirib.

Öz növbəsində İlham Əliyev münasibətlərin intensiv xarakterinin bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirdiyini vurğulayıb.

"Ötən il çox uğurlu oldu, biz qarşılıqlı fəaliyyətimizi möhkəmləndirdik, mal dövriyyəsində artım isə on faizlərlə hesablanır", - İlham Əliyev xatırladıb.

Azərbaycan Prezidenti rusiyalı həmkarına Dağlıq Qarabağ probleminin nizamlanması yollarının axtarışında səyləri davam etdirdiyinə görə təşəkkürünü bildirib. "Siz düzgün qeyd etdiniz ki, ümidverici anlar da, bədbinlik hissini artıran anlar da oldu, lakin Sizin bu səyləri davam etdirməyiniz nikbinliyi artırır", - İlham Əliyev bəyan edib və bildirib ki, nizamlamada və regionda stabilliyin bərqərar olmasında maraqlıdır.

İlham Əliyev, həmçinin Dmitri Medvedevə Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəklənməsinə görə də təşəkkürünü bildirib. "Gələcək iki il ərzində biz Sizinlə sıx əməkdaşlıq şəraitində işləyəcəyik və bizi dəstəkləyən 155 ölkənin etibarını doğrultmağa çalışacağıq", - o Dmitri Medvedevi əmin edib.

Xəbər lenti

Xəbər lenti