Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan hökuməti sərbəst toplaşmaq üçün lazım olan bütün işləri görüb. Müxalifəçilər mitinq keçirmək istəyəndə, bunu edirlər. Müxalifət mərkəzdə mitinq keçirmək sevdası ilə əslində mitinqlərinin uğursuzluğa dücar olduğunu göstərir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.
"Mitinqlərin keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlar var. Bununla belə, hesab edirəm ki, mitinqlərin harada keçirilməsi deyil, onun insanlar tərəfindən nə dərəcədə dəstəklənməsi daha vacibdir. Dünyanın istənilən yerində mitinqin harada keçirilməsi uğrunda deyil, o mitinqlərə daha çox insan gətirmək uğrunda mübarizə aparılır", - Əhmədov bildirib.
Onun sözlərinə görə, bununla da mitinqləri təşkil edənlər ictimai dəstəklərinin nə dərəcədə olmasını ortaya qoymuş olurlar.
Əhmədov deyib ki, Azərbaycan müxalifətinin 35-40 təşkilatı mitinq təşkil edir, oraya da maksimum 500 adam toplaşır.
Qeyd edək ki, İctimai Palata mayın 6-na planlaşdırdığı mitinqi şəhərin mərkəzi yerlərində keçirmək istəyir.