...

Həsən bəy Zərdabinin 170, Xəlil Rza Ulutürkün 80 illik yubileyləri keçiriləcək

Siyasət Materials 4 İyun 2012 19:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Həsən bəy Zərdabinin 170, Xəlil Rza Ulutürkün 80 illik yubileyləri keçiriləcək

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2012-ci ildə Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) 170 illiyi tamam olur. Azərbaycanda sosial-mədəni həyatın on doqquzuncu əsrin ikinci yarısından etibarən sürətli canlanmasında və ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri var. Zərdabi yaradıcısı, təşkilatçısı və redaktoru olduğu "Əkinçi" qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoyub, dövrünün ziyalılarını bu qəzet ətrafında birləşdirərək taleyüklü mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynayıb.

Dövlət başçısı, həmçinin, Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xəlil Rza Ulutürkün 80 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2012-ci ilin oktyabr ayında XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün (Xəlil Rza oğlu Xəlilovun) anadan olmasının 80 ili tamam olur. Xəlil Rza Ulutürkün vətənpərvərlik duyğuları ilə zəngin ictimai-siyasi mövzulu yaradıcılığı xalqımızın bədii-poetik fikir salnaməsinin parlaq səhifələrini təşkil edir. Şair dünya ədəbiyyatı xəzinəsinin bir çox incilərini dilimizə uğurla çevirib.

Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti