...

Zakir Qaralov: Azərbaycanın yüksələn xətt üzrə mütərəqqi inkişafı bəzi müxalifyönlü destruktiv qüvvələri ciddi narahat edir

Siyasət Materials 20 Sentyabr 2012 10:47 (UTC +04:00)
Azərbaycanın Baş prokuroru Zakir Qaralov qeyd edib ki, Azərbaycanın yüksələn xətt üzrə mütərəqqi inkişafı bəzi müxalifətyönümlü destruktiv qüvvələri ciddi narahat edir.
Zakir Qaralov: Azərbaycanın yüksələn xətt üzrə mütərəqqi inkişafı bəzi müxalifyönlü destruktiv qüvvələri ciddi narahat edir

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Baş prokuroru Zakir Qaralov qeyd edib ki, Azərbaycanın yüksələn xətt üzrə mütərəqqi inkişafı bəzi müxalifətyönümlü destruktiv qüvvələri ciddi narahat edir.

"Dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında əldə edilmiş və dünya birliyi dövlətləri tərəfindən də birmənalı şəkildə qəbul edilən köklü islahatlar və onların real nəticələri, dayanıqlı ictimai siyasi sabitliyin bərqərar olduğu demokratik vətəndaş cəmiyyətinin və hüquqi dövlətin formalaşdırılması, ölkənin yüksələn xətt üzrə mütərəqqi inkişafı müxalifətyönümlü bəzi destruktiv qüvvələri ciddi narahat edir və onların xəyallarını heçə endirir", - Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində Zakir Qaralov deyib.

O qeyd edib ki, həmin qüvvələrin qərəzli və ucuz sensasiya yaratmaq, görülmüş işlərə kölgə salmaq və onların əhəmiyyətini azaltmaq məqsədi daşıyan uğursuz cəhdləri Azərbaycanın inkişafı yolunda heç bir maneə ola bilməz.

Baş prokuror qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə aparılan genişmiqyaslı işlərin nəticəsi göz qabağındadır və görülmüş tədbirlər barədə ictimaiyyətin mütəmadi olaraq ətraflı məlumatlandırılması təmin edilir.

"Dövlət başçısının siyasi iradəsinə və qətiyyətinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin kəsərliliyinin artması özünü əldə edilmiş real nəticələrdə göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, "Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim şüurlu seçimimizdir", - Qaralov deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq bu istiqamətdə işlər eyni intensivliklə və daha da qətiyyətli şəkildə bundan sonra da davam etdiriləcək.

"İlk növbədə, öz sıralarının saflaşdırılmasını və bütün neqativ hallara qarşı ən qətiyyətli tədbirlərin görülməsini təmin edən Azərbaycan Respublikası Prokurorluğu ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürləri kimi korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni müstəvidə aparılmasını, ixtisaslaşdırılmış qurum olan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işinin ən yüksək tələblər səviyyəsində səmərəli təşkilini təmin edəcək", - Qaralov bildirib.

Xəbər lenti

Xəbər lenti