...

Azərbaycanla əməkdaşlıq Gürcüstanın yeni hökuməti üçün prioritet olacaq - səfir (FOTO)

Siyasət Materials 9 Oktyabr 2012 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Gürcüstanda parlament seçkiləri şəffaf keçirilib, müşahidəçilərin hamısı öz qiymətləndirmələrində qeyd edirlər ki, Gürcüstan demokratik ölkədir. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze çərşənbə axşamı seçkilərin yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.

Səfir deyib ki, SSRİ-nin süqutundan sonra ilk dəfə Gürcüstanda hakimiyyət seçkilər yolu ilə dəyişilib.

Oktyabrın 1-də Gürcüstanda 14 partiya və iki siyasi blokun iştirak etdiyi parlament seçkiləri keçirilib. Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra - 2013-cü ildə parlament daha geniş səlahiyyətlər əldə edəcək, dövlət başçısının səlahiyyətləri isə azaldılacaq.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatların tam hesablanmasından sonra yaydığı məlumata görə, Bidzina İvanişvilinin lideri olduğu müxalif "Gürcü arzusu" koalisiyası parlamentdə 83 deputat mandatı, Vahid Milli Hərəkat Partiyası isə 67 mandat əldə edib. Partiya siyahısı üzrə "Gürcü arzusu"ndan parlamentə 44, Vahid Milli Hərəkat Partiyasından isə 33 deputat daxil olub.

Birpartiyalı dairələrdə "Gürcü arzusu " 39, VMHP isə 34 deputat yeri əldə edib.

Parlament seçkilərində qalib gəlmiş "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvili Tbilisidə bazar ertəsi koalisiyanın baş ofisində Gürcüstanın yeni hökumətinə nazir vəzifələrinə namizədləri təqdim edib. İvanişvili özü Baş nazir postunu tutmaq niyyətindədir.

Diplomatın sözlərinə görə, bu gün Gürcüstan məhkəmələrində bir neçə dairə üzrə nəticələrə baxılır. Lakin nəticələr ilkin olduğundan, bu, parlamentdəki qüvvələrin bölüşdürülməsinə köklü təsir etməyəcək.

Səfir deyib ki, Gürcüstan Prezidenti məğlubiyyəti etiraf edib və elə həmin gün hakimiyyəti verməyə hazır olduğunu bəyan edib.

"Ən sevindirici hal odur ki, Gürcüstan siyasətini dəyişmir. Ölkə siyasətinin prioriteti Avropaya inteqrasiya, regionda strateji tərəfdaşlarla əməkdaşlıqdır ki, tərəfdaşlardan biri Azərbaycandır", - Şaraşenidze deyib və bildirib ki, Gürcüstanla Azərbaycan arasında ikitərəfli münasibətlər İvanişvilinin məktubunda dəqiq göstərilib. "Bizim həm siyasi, həm iqtisadi, həm də humanitar planda bütün istiqamətlərdə əla münasibətlərimiz var və bütün istiqamətlər inkişaf edəcək", - diplomat qeyd edib.

Onun sözlərinə görə, xarici siyasətdə varislik yeni hökumətin mühüm cəhəti olacaq və bütün, o cümlədən Azərbaycana səfərlər həyata keçiriləcək.

"GUAM-a gəldikdə, fikrimcə, yeni hökumət təşkilatla sıx əlaqələri dəstəkləyəcək. Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası məsələsi irəliləyir, artıq sərhədlərin 2/3-si müəyyən edilib, yeni hökumətlə işlər davam etdiriləcək, tezliklə görüş keçiriləcək, belə ki, iki ölkənin siyasi iradəsi var, ümid edirik ki, bu məsələ tezliklə həll olunacaq", - səfir deyib.

Şaraşenidze bildirib ki, 2008-ci il müharibəsindən sonra Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər yoxdur, bu gün mədəni və iqtisadi əlaqələr məsələsini həll etmək və yalnız bundan sonra dialoqun bərpasından danışmaq olar.

Onun sözlərinə görə, Gürcüstanın yeni hökuməti ölkənin ərazi bütövlüyünün ziyanına addım atmayacaq və bu, yeni hökumətin vəzifəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti