...

Almaniyanın xarici işlər nazirinin müavini Azərbaycana gəlir

Siyasət Materials 12 Noyabr 2012 12:07 (UTC +04:00)
Almaniya Federativ Respublikasının xarici işlər nazirinin müavini, millət vəkili xanım Kornelia Piper bu gün Azərbaycana səfərə gəlir.
Almaniyanın xarici işlər nazirinin müavini Azərbaycana gəlir

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir M.Əliyev/

Almaniya Federativ Respublikasının xarici işlər nazirinin müavini, millət vəkili xanım Kornelia Piper bu gün Azərbaycana səfərə gəlir. Bu barədə Trend-ə Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, xarici işlər nazirinin müavini xanım Kornelia Piper, Almaniya Federativ Respublikasının İqtisadiyyat və Texnologiyalar Nazirliyinin şöbə müdiri Dr. Karl Ernst-Brauner və Alman Sənaye Ticarət Palatasını (DIHK) təmsil edəcək Dr. Folker Trayer, həmçinin Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə birlikdə Alman-Azərbaycan Ticarət Palatasının təntənəli açılış mərasimində iştirak edəcəklər.

Xanım Piper Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə rəsmi görüşlər keçirəcək. Piper, həmçinin Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparacaq.

Bununla əlaqədar xarici işlər nazirinin müavini noyabrın 9-da bəyan edib: "Bakıda açılacaq Alman-Azərbaycan Ticarət Palatası MDB məkanında Moskvadan sonra ikincidir. Bununla Almaniya Azərbaycanı bir neçə illər ərzində regionun iqtisadi güc mərkəzinə çevirən dinamikasına öz münasibətini bildirir. Siyasi səviyyədə biz geniş mövzular ətrafında intensiv və etibarlı dialoq aparırıq. Azərbaycan Almaniya üçün hələ də böyük geosiyasi çağırışlarla üzləşən regionda vacib tərəfdaşdır. Bu dialoq həmçinin vətəndaş cəmiyyəti mövzularını əhatə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti