Gürcüstan, Tbilisi, 16 yanvar /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidenti xarici işlər nazirinin 15 ölkədən və 2 beynəlxalq təşkilatdan səfirlərin geri çağırılması barədə müraciətini təmin edib.
Trend-in məlumatına görə, Prezident Mixail Saakaşvilinin Administrasiyasının nümayəndələri jurnalistlərə bildiriblər ki, söhbət daha əvvəl dövlət başçısının göndərdiyi və xarici işlər nazirinin məktubunda adı çəkilən diplomatlardan gedir.
Belə ki, ABŞ-dakı səfir Temuri Yakobaşvili, BMT-dəki daimi nümayəndə Kaxa Lomaya, Belçika və Aİ-dəki səfir Salome Samadaşvili, Avropa Şurasında daimi nümayəndə Mamuka Jqenti, habelə Böyük Britaniya, Almaniya, Bolqarıstan, Litva, Azərbaycan, Qazaxıstan, Türkiyə və Çindəki səfirlər geri çağırılıb.
Daha 5 səfir səlahiyyət müddətləri başa çatdığına görə geri çağırılıb. Bunlar Ukrayna, Latviya, Çexiya, Macarıstan və Avstriyadakı (həmçinin ATƏT-də daimi nümayəndə) səfirlərdir.
Gürcüstanın təqribən 60 ölkədə diplomatik nümayəndəliyi var və ölkə qanunlarına əsasən, səfirlərin geri çağırılması və təyinatını Prezident xarici işlər naziri ilə razılaşdırmaqla həyata keçirir.