...

Teymuraz Şaraşenidze: Gürcüstan qonşu ölkələrlə əlaqələri genişləndirmək niyyətindədir (FOTO)

Siyasət Materials 15 Fevral 2013 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Gürcüstanın yeni hökumətinin xarici siyasətinin prioriteti qonşu ölkələrlə əlaqələri genişləndirməkdir. Trend-in məlumatına görə, bunu cümə günü Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Gürcüstanın yeni hökumətinin fəaliyyətinin ilk 100 gününün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Diplomat qeyd edib ki, Baş nazir Bidzina İvanişvilinin onun hakimiyyətə gəlişindən sonra qonşu ölkələrə səfərləri buna parlaq sübutdur.

Gürcüstanın Baş naziri Bidzina İvanişvili fevralın 5-də partiyasının oktyabr seçkilərində qələbəsindən sonra hökumətin işinin ilk 100 gününə yekun vurub.

Baş nazir ilk səfərlərini, Azərbaycana, Ermənistana və Türkiyəyə edib.

Şaraşenidzenin sözlərinə görə, ölkənin xarici siyasətində digər mühüm istiqamət Gürcüstanın Avropaya və Avroatlantik strukturlara inteqrasiyasıdır.

"Gürcüstan Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının "yol xəritəsi"nin əsas prinsiplərinin təşkilatın Vilnüsdəki sammitinə qədər (28-29 noyabr 2013-cü il) reallaşdırılması üçün hər cür səy göstərəcək", - o deyib.

Səfir bildirib ki, Gürcüstanın Rusiya ilə münasibətlərinin yenilənməsi yeni hökumətin əsas hədəflərindən biridir.

Onun sözlərinə görə, Rusiya ilə ikitərəfli əlaqələr davam etdiriləcək, Rusiya bazarı artıq Gürcüstan kənd təsərrüfatı məhsulları və şərabı üçün açılır.

"Cenevrə danışıqları Rusiya ilə təhlükəsizlik məsələlərinin, stabillik və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaları mexanizmlərinin müzakirəsi üçün əsas platforma olaraq qalır", - Şaraşenidze qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti