...

Ermənistan hakimiyyəti öz vətəndaşlarını ələ saldı

Siyasət Materials 19 Fevral 2013 12:20 (UTC +04:00)

Arzu Nağıyev - Trend-in icmalçısı

Ermənistanda fevralın 18-də prezident seçkiləri keçirildi. Seçkilərdə prezidentliyə 7 namizəd iştirak edirdi. Bunlar hazırkı Prezident, Respublika Partiyasının lideri Serj Sarkisyan, keçmiş Baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan, keçmiş xarici işlər naziri, İrs Partiyasının sədri Raffi Ovannisyan, Milli Müqəddərat İttifaqı Partiyasının sədri Paruyr Ayrikyan, Dağlıq Qarabağ separatçı rejiminin keçmiş "xarici işlər naziri" Arman Melikyan, politoloq Andrias Qukasyan və alim Vardan Sedrakyan idi.

İlkin nəticələrə görə, gözlənildiyi kimi, hazırkı Prezident Serj Sarkisyan 58,64% səslə qalib elan edildi. Raffi Ovannisyan 36,75% səslə ikinci, Qrant Baqratyan isə 2,15% səslə üçüncü oldu.

Serj Sarkisyanın qalib gələcəyinə şübhə yox idi. Çünki onun əsas rəqibləri sayılan Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan və "Çiçəklənən Ermənistan" partiyasının sədri, ölkənin ən varlı adamlarından olan Qagik Sarukyan, eləcə də eks-prezident Robert Koçaryan seçkilərdə iştirak etmirdilər. "Daşnaksütyun" partiyası da öz namizədini irəli sürməmişdi və öz elektoratını seçkiləri boykot etməyə çağırmışdı.

2008-ci il seçkilərində Sarkisyan hökumət böhranı ilə üzləşmişdi və keçmiş vəzifələri hesabına seçkilərdə özünü qalib elan etdirdi. Onun rəqibi Levon Ter-Petrosyan idi. Seçki sonrası etirazlar zamanı ən azı 10 nəfər həlak oldu.

Hazırkı seçkilərdə isə Sarkisyan daha az müqavimətlə üzləşdi və bunun əsas səbəbi Ermənistanın avtoritarizmə üstünlük verməsi, eyni zamanda, demokratik institutların olmaması və zəifliyi müxalifətin parçalanmasına gətirib çıxartdı.

Seçkinin sonuna bir saat qalmış namizədlər seçkinin saxtalaşdırıldığı barədə şərhlər verdilər və arqument kimi Mərkəzi Seçki Komissiyasının rəqəmlərinə istinad etdilər. Belə ki, MSK saat 17:00-ə qədər guya 1.259.374 nəfərin səs verdiyini elan etdi. Bu isə Ermənistanda hazırda yaşayan fiziki seçicilərin sayıdır, yəni 100 faiz səs deməkdir. Deməli, gözlənildiyi kimi, artıq seçkilər saxtalaşdırılmışdı.

Beynəlxalq müşahidəçilərin gəldiyi nəticələrdən asılı olaraq, seçkilərlə bağlı müəyyən fikirlər yürütmək də mümkündür. Belə ki, beynəlxalq ictimaiyyət tərəfindən seçkilər müsbət qiymətləndirilsə, Sarkisyanın legitimliyi artacaq və onun qərbyönümlü islahatlar həyata keçirməyə imkanı yaranacaq və ya bu islahatlardan yan keçərək Rusiya ilə bir araya gələcək.

Qonşu Gürcüstanla müqayisədə beynəlxalq təşkilatlar tərəfindən verilən müsbət qiymətlər Ermənistana aid ola bilməz, səbəb isə hakimiyyətin korrupsiyaya uğramasıdır. Misal üçün desək, Azərbaycan və Gürcüstan xarici sərmayədarlar üçün açıq bir dövlətlər olduğu halda, Ermənistanın mütəşəkkil cinayətkar qrupları onların ölkəyə gətirilməməsi üçün əllərindən gələni edirlər. Ermənistanın xarici diaspor təşkilatları artıq sərmayə qoyuluşlarının nankorluq olduğunu və xalqa heç bir xeyri olmadığını dərk edirlər.

Gənclər və ali təhsilli ermənilər Qərbə üz tutur, yaşlı insanlar məmnuniyyətlə onları qəbul edən Rusiyaya gedir. Rusiya isə miqrantlar vasitəsilə öz demoqrafik problemlərini həll etdikcə, Ermənistanda daxili problemlər yaranır.

Seçkilərdən sonra Ermənistanın öz yolunu seçmək imkanı yaranır - demokratik cəmiyyət və liberal iqtisadiyyatlı Qərb və ya Sarkisyan Ermənistanı keçmiş Sovet İttifaqının avtokratik dövlətlər sırasına qoşacaq.

Nəticədə isə Ermənistan hakimiyyəti bu prosesləri "seçkilər" adlandıraraq öz vətəndaşlarını ələ salır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti