...

Azərbaycanın hakim partiyası İsraillə Türkiyənin barışmasının regiona təsirini açıqladı

Siyasət Materials 28 Mart 2013 12:33 (UTC +04:00)
Azərbaycanın hakim partiyası hesab edir ki, İsrail ilə Türkiyənin yaxınlaşması İsrail ilə Azərbaycan arasında münasibətlərə müsbət təsir göstərən amildir.
Azərbaycanın hakim partiyası İsraillə Türkiyənin barışmasının regiona təsirini açıqladı

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın hakim partiyası hesab edir ki, İsrail ilə Türkiyənin yaxınlaşması İsrail ilə Azərbaycan arasında münasibətlərə müsbət təsir göstərən amildir.

"Türkiyə Azərbaycanın yaxın müttəfiqi, strateji tərəfdaşıdır. Bununla paralel olaraq Azərbaycanın İsraillə də münasibətləri mövcuddur, iqtisadi əlaqələrimiz var və bizim strateji tərəfdaşımız ilə İsrailin münasibətlərinin yaxşılaşması bütövlükdə sülhə xidmət edir", - bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, istər-istəməz Azərbaycanın strateji tərəfdaşı olan Türkiyə ilə İsrailin münasibətlərinin pis olması və Azərbaycanın İsrail ilə münasibətlərinin yaxşı olması nəticə etibarı ilə yaxşı görünmürdü.

"İndiki halda mən hesab edirəm ki, İsrail ilə Türkiyənin yaxınlaşması bütövlükdə Yaxın Şərqdə sülhə, əmin-amanlığa xidmət edəcək", - Qurbanlı deyib.

O, həmçinin qeyd edib ki, Türkiyə və İsrail bölgədə böyük gücə malik olan ölkələrdir. Qurbanlının fikrincə, İsrail ilə Türkiyə arasındakı qarşıdurma bütölükdə bölgədəki proseslərə mənfi təsir göstərirdi.

"Ona görə də İsrail tərəfinin uzaqgörən bir addım ataraq Türkiyədən üzr istəməsi diplomatik münasibətlərin, ikitərəfli əlaqələrin bərpasına gətirib çıxaracaq. Doğrudur, bəzi problemlər hələ də qalmaqdadır, amma bütövlükdə indiki şəraitdə hər iki ölkənin yaxınlaşması və münasibətlərinin tənzimlənməsi gözlənilir. Türkiyənin İsrailə, İsrailin də Türkiyəyə ehtiyacı var", - Qurbanlı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti