...

"Şahdəniz" konsorsiumu qaz nəqli üçün yekun təklifləri qiymətləndirməyə başlayır

Siyasət Materials 1 Aprel 2013 12:11 (UTC +04:00)
"Şahdəniz" konsorsiumu "Mərhələ 2" qazının Avropaya nəqli üçün Nabukko Qaz Boru Kəməri (Nabucco Gas Pipeline International) və Trans Adriatik Boru Kəməri (TAP) layihələrindən aldığı yekun təklifləri qiymətləndirməyə başlayıbmışdır. Bu barədə Trend-ə BP-nin Bakı ofisindəki mətbuat xidmətindən məlumat verilib.
"Şahdəniz" konsorsiumu qaz nəqli üçün yekun təklifləri qiymətləndirməyə başlayır

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir E.İsmayılov/

"Şahdəniz" konsorsiumu "Mərhələ 2" qazının Avropaya nəqli üçün Nabukko Qaz Boru Kəməri (Nabucco Gas Pipeline International) və Trans Adriatik Boru Kəməri (TAP) layihələrindən aldığı yekun təklifləri qiymətləndirməyə başlayıb. Bu barədə Trend-ə BP-nin Bakı ofisindəki mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təqdim olunmuş sənədlər "Şahdəniz" konsorsiumuna hər bir nəql variantı üzrə yekun qiymətləndirmə aparmağa və Avropaya ixracın üstün marşrutu haqqında tam məlumat əsasında qərar verməyə imkan verir. Avropa boru xətti üzrə yekun qərarın bu ilin iyun ayının sonunadək veriləcəyi gözlənilir.

Nəql təkliflərinə Nabukko Uest və TAP layihələrinin texniki, inzibati-nəzarət, maliyyə və digər aspektlərinə dair əsaslı məlumatlar daxildir. Konsorsium bununla müfəssəl dəyərləndirmə mərhələsinə daxil olur və bu mərhələdə təkliflər əvvəlcədən ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında qiymətləndiriləcək. Həmin meyarlar bunlardır: kommersiya, layihənin həyata keçmə mümkünlüyü, maliyyə baxımından mümkünlüyü, mühəndis-layihə işləri, uyğunluq və şəffaflıq, təhlükəsiz və səmərəli istismar, mərhələlərlə genişləndirilmənin mümkünlüyü və strateji mülahizələr. Bu şirkətlərin hər biri ilə aydınlaşdırma görüşləri də keçiriləcək.

Təqdim olunmuş nəql təkliflərinin 2013-cü ilin aprelin sonunadək hüquqi öhdəliyə malik olacağı gözlənilir. Növbəti ay ərzində "Şahdəniz" konsorsiumu, həmçinin Avropadakı potensial qaz alıcılarından hüquqi öhdəlik yaradan qaz satışı təklifləri alacağını da gözləyir.

Qeyd edək ki, "Şahdəniz Mərhələ 2" layihəsi "Cənub qaz dəhlizi"ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. "Şahdəniz Mərhələ 2" layihəsinin "Mərhələ 1"dən əldə olunan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz hasilatı əlavə edəcəyi gözlənilir.

Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən "Şahdəniz" yatağının "Mərhələ 2" işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı böru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kub metr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Şahdəniz qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti