Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir R.Hafizoğlu/
Qahirədə minlərlə insanın iştirakı ilə Məhəmməd Mursiyə dəstək aksiyası keçirilir.
Trend "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir ki, aksiyada 10 mindən çox insan iştirak edir.
Məlumata görə, Misirin müxtəlif şəhərlərində də Mursiyə dəstək aksiyaları keçirilir.
Qeyd edək ki, bu gün Ədli Mənsur Misir Konstitusiya Məhkəməsinin yeni sədri və dövlət başçısı vəzifəsinin müvəqqəti icraçısı qismində and içib.
Misir Silahlı Qüvvələrinin komandanlığı bazar ertəsi ölkənin siyasi qüvvələrinə xalqın tələblərinin yerinə yetirilməsi üçün 48 saat vaxt vermişdi. Bu müddətin bitməsindən sonra Misir hərbçiləri Prezident Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdıraraq Müdafiə Naziriliyinin binasına aparıblar.
Misir mətbuatının məlumatına əsasən, Mursi ev dustaqlığında saxlanılacaq.
"Əl-Cəzirə" telekanalının məlumatına görə, bu gün Misirdə Prezident Mursinin tərəfdarlarının həbsi davam edib. Hazırda Mursinin 100-dən artıq tərəfdarı həbs edilib.