Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkənin gələcək inkişaf perspektivlərini müəyyənləşdirdi, konkret hədəfləri təyin etdi. Bu barədə Trend-ə millət vəkili, professor Musa Qasımlı bildirib.
Millət vəkili qeyd edib ki, bu perspektivlər Azərbaycanı yeni inkişaf mərhələsinə qədəm qoymaq məqsədi güdür: "Ötən 6 ayda Azərbaycan regionlarının inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşması, bütövlükdə Avropanın böhrandan əziyyət çəkdiyi şəraitdə Azərbaycanın inkişafı göz önündədir. Yeni iş yerlərinin açılması, yolların çəkilməsi, sosial-mədəni obyektlərin işə salınması ötən 6 ayda hökumətin siyasətinin başlıca olaraq Azərbaycan xalqına yönəldiyini göstərir".
Qasımlı xüsusi qeyd edib ki, Prezident İlham Əliyev müşavirədə Azərbaycan rayonlarında kənd yerlərinə müasir yolların çəkilməsi məsələsini qaldırıb ki, bu da heç bir zaman Azərbaycan tarixində olmayıb.
Deputat deyib ki, iclasda, həmçinin Azərbaycanın yeni bazarlara çıxması, xaricə kapital qoyuluşunun artırılmasının vacibliyi vurğulanıb:
"Bu da Azərbaycanın nüfuzunun artmasına gətirəcək. Azərbaycanın bu nüfuzunun artması isə Azərbaycanı istəməyən xarici ölkələr və bəzi mərkəzlərin təzyiqlərinin artmasına gətirib çıxarır, həmin ölkələr və mərkəzlər Azərbaycanda güclü dövlətin olmasını istəmirlər və çalışırlar ki, zəif hakimiyyət olsun və özlərinin maraqlarını təmin etsinlər. Hesab edirəm ki, Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında qalmasına, məcburi köçkün və qaçqınların olmasına baxmayaraq, ötən 6 aydakı inkişaf Azərbaycanın yaxşı gələcəyindən xəbər verir".