Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir E. Tariverdiyeva/
Strateji tərəfdaş kimi Azərbaycanla əlaqələrin dərinləşməsi Gürcüstan üçün prioritetdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda mətbuat konfransında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin demək olar ki, bütün heyəti və Baş nazir artıq Azərbaycana səfər ediblər ki, bu da Cənubi Qafqaz tandeminin saxlanılmasının vacibliyini göstərir: "Ərazi bütövlüyü və regionun iqtisadi inkişafı kimi ümumi çağırışlar hər iki hökumət üçün əhəmiyyətlidir".
T.Şaraşenidze bildirib ki, qazın Avropya nəqli üçün TAP-ın marşrut qismində seçilməsi Gürcüstan iqtisadiyyatına təqribən 2 milyard dollar investisiya gətirəcək və iş yerlərinin açılmasını təmin edəcək: "Bakı-Tbilisi-Qars layihəsi də çox önəmlidir".
Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı Tbilisi üçün çox vacibdir, Azərbaycan biznesi artıq Gürcüstanın iqtisadiyyatına 210 milyon dollar investisiya yatırıb.