...

Prezident İlham Əliyev: MDB ölkələrini bir-birinə tarixi köklər bağlayır (FOTO)

Siyasət Materials 25 Oktyabr 2013 16:08 (UTC +04:00)
Oktyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Prezident İlham Əliyev: MDB ölkələrini bir-birinə tarixi köklər bağlayır (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Oktyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Belarus Prezidenti Aleksandr Lukaşenko iclasda iştirak edən dövlət başçılarını "Müstəqillik sarayı"nda qarşıladı.

Dövlət başçıları xatirə şəkli çəkdirdilər. Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.

Prezident Aleksandr Lukaşenko dövlət başçılarını iclasın gündəliyi ilə tanış etməzdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etdi, ona ali dövləti vəzifəsində uğurlar arzuladı.
Prezident Aleksandr Lukaşenko dedi ki, MDB dövlət başçılarının növbəti iclasının gündəliyində müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən 14 sənəd layihəsi müzakirə olunacaqdır.

Humanitar sahədə əməkdaşlıq üzrə müzakirə olunacaq əsas məsələ sovet xalqlarının faşizm üzərində qələbəsinin 70-ci ildönümü münasibətilə keçiriləcək təntənəli mərasimə hazırlıq, 2015-ci ilin MDB ölkələri üçün "1941-1945-ci illərin Böyük Vətən Müharibəsi veteranlarının ili" elan edilməsi və vahid yubileyə mükafatının təsis edilməsi olacaqdır.
Digər müzakirələrdə ötən il ərzində görülmüş işlərə nəzər salınacaq, bəzi məsələlər barədə fikir mübadiləsi aparılacaq, müxtəlif yanaşmalar olan sənədlərlə bağlı cavab layihələri müzakirə ediləcəkdir. Gündəliyə iqtisadi və humanitar sahələrdə əməkdaşlığa dair, eləcə də insan və maliyyə təhlükəsizliyinin təmin olunmasında və Birliyin fəaliyyətinin digər istiqamətlərində inteqrasiya proseslərinin sürətləndirilməsinə yönəlmiş layihələr ətrafında fikir mübadiləsi aparılacaqdır.

Daha sonra MDB İcraiyyə Komitəsinin sədri - icra katibi Sergey Lebedev iclasın gündəliyi barədə qısa məlumat verdi.
Məhdud tərkibdə iclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev səmimi təbrikə görə Belarusun Prezidenti Aleksandr Lukaşenkoya təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın və dostluğun, sülh və əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti bildirdi ki, MDB ölkələrini bir-birinə tarixi köklər bağlayır, xalqlarımız Böyük Vətən müharibəsində faşizm üzərində birgə qələbə çalmışlar. İndi də ölkələrimiz arasında çox səmərəli siyasi-iqtisadi münasibətlər mövcuddur.

Prezident İlham Əliyev bir neçə gündən sonra Bakıda keçiriləcək Humanitar Forum barədə də məlumat verdi.

Daha sonra digər dövlətlərin başçılarının çıxışları dinlənildi.

Rusiya Prezidenti Vladimir Putin Birlik ölkələri arasında iqtisadi əməkdaşlıq və inteqrasiya proseslərinin inkişaf etdirilməsinin, terrorizmlə mübarizədə birgə səylərin zəruriliyini önə çəkdi, 2014-ci ilin "Turizm ili", Almatı və Oş şəhərlərinin MDB-nin mədəniyyət paytaxtları elan olunmasını dəstəklədi.

Digər dövlət başçıları da müzakirə olunan məsələlərlə bağlı fikirlərini söylədilər, gündəliyi dəstəklədiklərini bildirdilər.

İclas öz işini geniş formatda davam etdirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti