Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.Mehdiyev/
Müxalifət dövlətçiliyə qəsd, Dağlıq Qarabağ məsələsində neqativ hallara yönəlirsə, bu, müxalifətçilik deyil. Trend-in məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
T.Əhmədov bildirib ki, ölkəmizin uğurlarını müxalifət də görür: "Amma bunu etiraf edə bilmədiyi üçün nəsə deməyə çalışır. Demokratik cəmiyyətdə müxalifət olmalıdır. Təbii ki, söhbət sağlam müxalifətdən gedir. Müxalifət sağlam mübarizə aparmalıdır. Müxalifətin yoxluğu oktyabrın 9-da keçirilən prezident seçkilərində xalqın "Milli Şura"nın namizədinə münasibətindən aydın göründü".
Metropoliten rəisi hesab edir ki, müxaliflər xaricdən aldıqları maddi dəstəklə 1-2 nəfəri ətraflarına toplamaqla düşünürlər ki, sosial bazaları var: "Amma bu onların fərziyyələridir. Müxalifətin "varlığı" "qara piar" və qarayaxmadan başqa bir şey deyil".