Azərbaycan, Bakı, 7 noyabr /Trend/
Hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan, Misirin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursi üçün hazırlanan iddianamə 7 min səhifədir. Trend-in Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Məhəmməd Mursinin müdafiəsi heyətinin sözçüsü Məhəmməd əl-Dəmat bildirib.
Əl-Dəmat mətbuata açıqlamasında qeyd edib ki, müdafiə strategiyasını müəyyənləşdirmək məqsədilə Burcul-Ərəb həbsxanasında M.Mursi ilə görüşmək üçün hüquqi əməliyyatlara başlanıb.
Əl-Dəmat müdafiə heyətinin məhkəmənin başqa bir vəkil təyin etməsini qabaqlamaq məqsədilə 2012-ci ildəki prezident seçkilərində adı keçən vəkil Səlim əl-Avvaya vəkalət verməsi üçün M.Mursini razı salacağını da əlavə edib.