...

II Qlobal Açıq Cəmiyyətlər Forumu öz işini yekunlaşdırdı

Siyasət Materials 29 Aprel 2014 18:54 (UTC +04:00)
Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu bu gün işini yekunlaşdırıb.
II Qlobal Açıq Cəmiyyətlər Forumu öz işini yekunlaşdırdı

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu bu gün işini yekunlaşdırıb.

Komitədən Trend-ə verilən məlumata görə, Forum çərçivəsində "İrəliyə doğru hərəkət. Post-2015 prosesində Sosial İnteqrasiyanı irəli aparmaq və onun milli səviyyədə həyata keçirilməsinə dəstək vermək üçün BMT-yə təklif və tövsiyələr irəli sürmək" mövzusunda keçirilən sonuncu - V sessiya İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldinin moderatorluğu ilə reallaşıb.

Müzakirələrdə bildirilib ki, bu sessiyanın məqsədi Forum çərçivəsində keçirilmiş sessiyaların yekun və təkliflərinin Post-2015 Davamlı İnkişaf Proqramının əsas qərar qəbul edən şəxslərinin nəzərinə daha effektiv çatdırılması üçün strategiya qurmaqdır.

Roma Klubunun həmsədri Ernst fon Vaytsnzaeker çıxış edərək bildirib ki, dünyada baş verən münaqişələrdən xalqlar əziyyət çəkir: "Bütün bu münaqişələrdən belə bir nəticə çıxır ki, birgə səylərlə bu ədavətlərə son qoyulmasının vaxtıdır. Bu Forumda müzakirə olunan mövzularda dünya ictimaiyyətinin gələcək həyatı, dayanıqlı iqtisadiyyata nail olmaq istiqamətində çox vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb".

O vurğulayıb ki, daha gözəl bir cəmiyyətin qurulması üçün ətraf mühitin mühafizəsi də çox vacib məsələdir: "İnsan öz fəaliyyəti ilə ətraf mühitə öz təsirini göstərir. Dünya əhalisi gələcək fəsadları nəzərə almadan ətraf mühitdən yararlanır. Lakin insanlar təbii ehtiyatlardan istifadə edərkən daha qənaətcil olmalıdır. Ölkələr beynəlxalq təbii sərvətlər xəritəsini tərtib edə bilər. Bütün insanlar Yer kürəsində olan məhdud təbii ehtiyatlardan dünyanın bütün tələblərinə cavab verdiyi formada istifadə edilməsində maraqlı olmalıdır".

Madrid Klubunun baş katibi Karlos Vesterdorp qeyd edib ki, Forumda aparılmış müzakirələr cəmiyyətin inkişafına yönəlib, bu cəmiyyətə nail olmaq üçün siyasət sahəsində hansı zəruri tədbirlərin görülməsi məsələsi əsas diqqət mərkəzində olub. K.Vesterdorp Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıqdan danışaraq birgə çox mühüm layihələrin reallaşdırıldığını deyib. O bildirib ki, Forum müddətində gənclərlə iş, təhsil sahəsinə diqqətin ayrılması, qadınların cəmiyyətdə rolunun artırılması, dayanıqlı iqtisadi inkişafa nail olunması, açıq cəmiyyət konsepsiyasının münaqişələrin həllində oynayacağı rol və digər mühüm mövzular müzakirə olunub. Bütün bu müzakirələr gələcəkdə öz nəticəsini verməlidir.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa isə deyib ki, Forumda müzakirə edilmiş mövzulardan bu nəticə yaranıb ki, biz bütün dünya ictimaiyyəti qarşısında məsuliyyət daşıyırıq və birgə səylərlə dünya əhalisini narahat edən məsələləri həll etməyə, daha gözəl bir dünya üçün çalışmalıyıq. Gələcəyimizi birgə müəyyən etmək üçün bütün dünya ölkələrinin əlində imkan var.

Sessiyada vurğulanıb ki, əgər daha ideal bir cəmiyyət istəyiriksə, açıq cəmiyyət konsepsiyasını nəzərdə saxlamalı, dünyada daha təkmil bir inkişaf prosesi yaratmalıyıq.

Beləliklə, iki gün davam edən II Qlobal Açıq Cəmiyyətlər Forumu öz işini başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti