...

Cəmil Çiçək TÜRKPA-nın sıralarının genişləndirilməsini təklif edib

Siyasət Materials 13 İyun 2014 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

"TÜRKPA olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün sərt mövqe tutmalıyıq". Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Bakıda keçirilən Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 5-ci plenar iclasında deyib.

TBMM sədri bildirib ki, Qafqazda daimi sülhün təmin edilməsi yalnız işğala son qoyulması və 1 milyondan çox insanın evlərinə dönüşü ilə mümkün ola bilər: "TÜRKPA olaraq da Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün Ermənistanın işğalına qarşı sərt mövqe tutmalıyıq. Hamı bilməlidir ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək. Birmənalı belə olacaq. Türkiyə olaraq Azərbaycanın işğal altındakı torpaqlarının dərhal azad olunmasını bütün beynəlxalq platformalarda gündəmə gətiririk. Bundan sonra da torpaqlar bir an öncə işğaldan azad olunana qədər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bizim gündəmimizin əsas mövzusu olacaq".

C. Çiçək çıxışı zamanı Türkmənistan və Özbəkistanı təcili TÜRKPA-ya üzv olmağa çağırıb: "TÜRKPA türkdilli ölkələrin beynəlxalq arenada sözünü deyən yeganə ortaq təşkilatıdır. Digər türkdilli qardaş ölkələri də aramızda görmək bizim arzumuzdur və bu bizi məqsədlərimizə daha tez çatdırar".

Şimali Kipr Türk Cümhuriyyətinin TÜRKPA-ya üzvlüyə qəbul olunması ilə bağlı yaranan fikirayrılığına gəlincə C.Çiçək buna təəssüfləndiyini bildirib: "Şimali Kipr Türk Cümhuriyyətinin də qardaş ölkə olaraq aramızda görmək arzusundayıq. Amma TÜRKPA-da bununla bağlı fikriayrılığının olması, buna qarşı çıxılması bizi üzür".

Qeyd edək ki, TÜRKPA-da Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti