Azərbaycan, Bakı, 15 iyul /Trend/
Məşhur "Euronews" telekanalı Kannda keçirilən Azərbaycan Mədəniyyət Günlərinə həsr edilmiş reportaj hazırlayıb.
Tədbir çərçivəsində konsertlər və sərgilər keçirilib. Onlardan əsası "Azərbaycan ənənələr və gələcək ölkəsi" adlanır.
"Azərbaycanın dostları cəmiyyəti"ndən Nataniel Beker deyib: "Ekspozisiyada 3 bölmə var. Onun mərkəzi hissəsi dekorativ-tətbiqi sənət əşyaları, xalçaçılıq nümunələridir, burada musiqi alətləri, dulusçuluq sənətinin əsərləri təqdim olunub".
Daha bir bölmə XII əsrdə yaşamış dahi şair və mütəfəkkir Nizami Gəncəvidən bəhs edir.
Nataniel Beker yekunlaşdırır: "Digər bölmə Azərbaycanın rəsm əsərləri haqqında bəhs edir. Burada məşhur rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin tabloları sərgilənir. Onlar öz üslublarının orijinallığını, milli xarakteri qoruyub saxlamağı bacarıblar".
"Azərbaycan ənənələr və gələcək ölkəsi" sərgisi Kanndakı Dəniz vağzalının binasında iyulun 31-dək davam edəcək.
Azərbaycan mədəniyyət günlərinin özünəməxsus finalı modelyer Renato Ballestranın kolleksiyasının nümayişi oldu.
Modelyer qeyd edir: "Mən kolleksiya hazırladım və onun hədəfi iddialıdır, yəni bu, Azərbaycan qadınının keçdiyi yolu dərk etmək cəhdidir. Əvvəlki dövrdən bu günədək moda bu asan olmayan marşrutla bəzən onun bütün sərt döngələrini əks etdirərək onun ardınca gedib".
"Euronews"un reportajında deyilir: "Ekspozisiya kimi dəfilə də üç mövzudan ibarət idi: ənnələri əsrlərin dərinliyindən gələn xalçaçılıq, nar mövzuları - mədəniyyətin və ədəbiyyatın çəkisi olan simvolu, həmçinin ölkə incəsənətində mühüm rol oynayan alov".
Azərbaycan mədəniyyət günləri gələn ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlığın mərhələlərindən biridir.