...

ABŞ-ın təhlükəsizlik mərkəzinin prezidenti: Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Sentyabr 2014 11:05 (UTC +04:00)
"Bir ölkənin ərazilərinin başqa ölkəyə güclə birləşdirilməsi qəbuledilməzdir".
ABŞ-ın təhlükəsizlik mərkəzinin prezidenti: Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Bir ölkənin ərazilərinin başqa ölkəyə güclə birləşdirilməsi qəbuledilməzdir". Trend xəbər verir ki, bunu Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Riçard Fontayne "ADEX 2014" I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Bakıda "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəsizliklə bağlı olan bir çox çağırışlar gündəmdədir. Bəzi çağırışlar dünya təhlükəsizliyi çağırışlarına gətirib çıxarır.

O, qeyd edib ki, ABŞ artıq İraq və Suriyada törtədiyi vəhşiliklərlə tanınan terror qrupuna qarşı əməliyyatlarla bağlı qərar qəbul edib. "İslam Dövləti"nə qarşı Yaxın Şərq ölkələrinin KİV-lərində də hərbi əməliyyatların başlanması haqqında məlumat verilib. Bu əməliyyatlara Səudiyyə Ərəbistanı da dəstək olacaq.

R.Fontaynenin fikrincə, "İslam Dövləti"nə qarşı beynəlxalq koalisiyanın yaradılması hərbi işğalın və vəhşiliklərin qarşısının alınmasına kömək göstərəcək: "Söhbət regiondakı 40-a yaxın ölkədən gedir. Amerikalılar hesab edirlər ki, İraq və Suriyada baş verən vəhşiliklər yalnız bu ölkələrə aid deyil. Bu terrorçu qruplara qarşı qətiyyətlə hərbi əməliyyatlar həyata keçirilməlidir. Çünki bu qruplarda bir neçə ölkələrin nümayəndələri iştirak edirlər. Biz müttəfiqlərimizi bu vəhşiliklərə qarşı mübarizə aparmağa, Yaxın Şərq və Asiya ölkələrində yayılmasının qarşısının alınmasına çağırırıq".

O, həmçinin Rusiya ilə Ukrayna arasında yaranmış gərginliyə də toxunub: "Rusiya tərəfindən qonşu ölkələrdən birinə qarşı milli təhlükəsizlik adı ilə həmlə qəbuledilməzdir. Ukrayna ərazilərindən biri Rusiyaya birləşdirilib və Şərqi Ukraynada təxribatlara başlanılıb. Bu, İraq və Suriyaya nisbətən daha geniş beynəlxalq böhrandır. Bir ölkənin ərazilərinin başqa ölkəyə güclə birləşdirilməsi qəbuledilməzdir".

Mərkəz prezidentinin fikrincə, Ukraynada olan əməliyyatlar 2008-ci ildə Rusiyanın Gürcüstanda apardığı əməliyyatlardan fərqlənir və daha mürəkkəbdir: "Rusiya 2008-ci ildə Gürcüstan ərazisinə daxil olan Abxaziyanı zəbt edib. Lakin Ukraynada xüsusi əməliyyat qüvvələri cəlb olunub, siyasi müstəvidə təxribatlar və informasiya savaşı aparılır. Düşünürəm ki, bütün müttəfiqlər belə əməliyyatlara cavab verməlidir".

Onun sözlərinə görə, bundan çıxış edərək demək olar ki, regionda qonşu ölkələrin bənzər təxribatlara məruz qalıb-qalmayacağı sual altında qalır.

R.Fontayne əlavə edib ki, ABŞ-ın Azərbaycanla enerji təhlükəsizliyi ilə bağlı böyük əməkdaşlığı var. ABŞ Avropanın enerji baxımından Rusiyadan aslılığını azaltmaq istəyir.

O, Azərbaycana müxtəlif təşkilatlar tərəfindən insan haqları və digər məsələlərlə bağlı təzyiqlər edilyini etiraf edib, lakin müdafə sahəsində ABŞ-la Azərbaycan arasında çox gözəl əməkdaşlığın olduğunu deyib.

Mərkəz rəhbəri bildirib ki, bölgədə bu əməkdaşlığa mane olan bəzi problemlər də var ki, Dağlıq Qarabağ məsələsi burada ən önəmli yeri tutur: "Bizi narahat edən məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışırıq. Bəziləri deyirlər ki, Rusiya Dağlıq Qaprabağ münaqişəsinin həllində böyük rol oynaya bilər. Bu, həqiqətən də belədir".

Riçard Fontayne bildirib ki, Əfqanıstanda hələ siyasi baxımdan çətin vəziyyət mövcuddur: "ABŞ Əfqanıstan ordusunun güclənməsini, 2016-cı ilə qədər bu ölkədə müttəfiq ölkələrin qoşunlarının azalmasını istəyir. ABŞ istəmir ki, bu ölkədə qeyri-sabit vəziyyət davam etsin, ətraf ölkələrə yayılsın. Azərbaycan Əfqanıstanla bağlı əməkdaşlıq sahəsində mühüm rol oynayır".

R.Fontayne Avropa ölkələrinin müdafiə sahəsinə ayrılan vəsaitlərin azaldığını, bunun terrorçuluğa qarşı mübarizəni əhatə etmədiyini vurğulayıb. Onun sözlərinə görə, təhlükəsizlik sahəsində məlumatların mübadiləsi çox mühümdür.

ABŞ və Aropanın Azərbaycana müasir silah-sursat satışı sahəsində qadağanı ləğv etməməsi ilə bağlı sualı cavablandıran Riçard Fontayne deyib ki, bu suala konkret cavabı yoxdur: "Mənim rolum təhlükəsizlik dinamikasının ümumi görünüşünü göstərməkdir. Müdafiə sənayesi məhsullarının ixracatı ABŞ üçün çox mühüm, xüsusi bir məsələdir. Mən konkret cavab verə bilmərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti