Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək ölkəsinin 1915-ci il hadisələrinin araşdırılması üçün əlindən gələni etdiyini və bütün dünyaya meydan oxuyaraq arxivlərini açdığını bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər yayıb.
C.Çiçək deyib ki, tarixin araşdırılması dünya parlamentlərinin deyil, tarixçilərin işidir: "Türkiyədə müxalifət və iqtidar partiyalarının ortaq təşəbbüsü ilə arxivlərimizi açdıq. 1915-ci il hadisələrinin bir daha araşdırılmasını istəyənlər varsa, Türkiyə ortaq komissiya təşkil edərək bu məsələni yenidən araşdırmağa hazırdır".
Məlumat üçün bildirək ki, bir müddət bundan əvvəl C.Çiçək qondarma "erməni soyqırımı"nın tarixin ən böyük iftirası olduğunu deyib.
C.Çiçək qeyd edib ki, bu gün Türkiyənin xaricdə qarşılaşdığı ən böyük problemlərdən biri də ermənilərə qarşı "soyqırım" etməsi barədə iddialardır: "1915-ci il hadisələri bu millətə qarşı atılan ən böyük iftiradır. Türkiyənin tarixi təmiz, başı dikdir".