...

Türkiyənin Diyarbəkir vilayətinə uçuşlar dayandırılıb

Siyasət Materials 8 Oktyabr 2014 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu

"Türk Hava Yolları" Diyarbəkir vilayətinə uçuşları təxirə salıb. Bu addım etiraz aksiyaları ilə əlaqədar komendant saatının tətbiq edilməsindən sonra atılıb. Reyslər bir günlük təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Kanal7" telekanalı xəbər verib.

Məlumatda qeyd olunur ki, Diyarbəkirdə komendant saatının müddəti oktyabrın 9-na qədər uzadılıb.

Türkiyənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.

Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edirlər. Onlar, həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vururlar.

Etiraz aksiyalarında əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər.

Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.

Qeyd edək ki, bu şəhərdə "İslam Dövləti" qüvvələri və kürd özünümüdafiə dəstələri arasında hazırda şiddətli döyüşlər davam edir və etirazçılar rəsmi Ankaranın münaqişəyə müdaxilə etməmək və gözləmə siyasətinə üstünlük verməsinə qarşı çıxırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti