...

Azərbaycan Parlamentinin deputatları radarlardan şikayətləniblər

Siyasət Materials 17 Oktyabr 2014 17:16 (UTC +04:00)
Azərbaycan Parlamentinin bu gün keçirilən iclasında deputatlar radarlardan şikayətləniblər.
Azərbaycan Parlamentinin deputatları radarlardan şikayətləniblər

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Parlamentinin bu gün keçirilən iclasında deputatlar radarlardan şikayətləniblər.

Trend-in məlumatına görə, "Yol hərəkəti haqqında" qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən müvafiq icra hakimiyyəti orqanına göndərilən məlumat sırasına fiziki şəxslər qeydiyyatda olduqları və yaşadıqları ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə olunmasını həvalə etdikləri şəxsin müvafiq məlumatlarını da əlavə etməlidir.

Digər dəyişikliyə görə, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

Millət vəkili İqbal Ağazadə deputatların avtomobillərinin yollarda elektron radara düşməsindən və buna görə cərimələr tətbiq olunmasından şikayətlənib: "Konstitusiyaya görə, millət vəkilinə inzibati cəza tətbiq oluna bilməz. Ancaq avtomobili satarkən, dəyişərkən Dövlət Yol Polisinin əməkdaşları bildirirlər ki, bu avtomobilin 10 min manatlıq, 20 min manatlıq cəriməsi var, ödənməlidir. Deyəndə ki, bunun üçün inzibati protokol yazmalısan, imtina edir. Qanunla Konstitusiya arasında bu ziddiyyət aradan qaldırılmalıdır. Millət vəkilləri bəzən tədbirlərə tələsir, istər-istəməz avtomobillərin elektron radarlara düşməsi hallarına rast gəlinir".

Deputat Ərəstun Cavadov isə deyib ki, hər ay radara görə 1000 manata yaxın cərimə ödəyir

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov həmkarlarını qanuna əməl etməyə çağırıb: "Ortaya hansısa problemlər çıxarsa, millət vəkilinin mülkiyyəti, maşını toxunulmazdır. Ancaq bu, məhkəmənin qərarından sonra mümkün olar. Milli Məclisdə nəqliyyat vasitəsi ilə parlament rəhbərliyi və komitə sədrləri rəsmən təmin olunur. Ona görə də yol polisi bilmir ki, maşının içərisində gedən avtomobilin nömrəsi kimin adınadır. Biri qayınanasının, digəri kiminsə adınadır. Millət vəkillərinin istifadə etdiyi avtomobillərin nömrələri toplanıb Milli Məclisə təqdim olunsun, Milli Məclis də Dövlət Yol Polisinə təqdim etsin ki, onlar da bunu nəzərə alsınlar. İstənilən halda deputatların statusunu pozmaq olmaz".

Birinci vitse-spiker Ziyafət Əsgərov isə qeyd edib ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dövlət nömrələrini bilirlər: "Ancaq yol polisi haradan bilsin ki, 120 avtomobil hansısa tədbirə tələsir. Ona görə də yaxşı olar ki, millət vəkilləri qayda-qanuna riayət etsinlər, qaydalar pozulmasın".

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti