Azərbaycan, Bakı, 17 aprel /Trend/
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Avropa Parlamentinin qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb.
Milli QHT Forumundan Trend-ə daxil olan bəyanatda deyilir ki, Avropa Parlamentinin qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi qərəzli qətnamə Azərbaycan qeyri-hökumət təşkilatları tərəfindən narazılıqla qarşılanıb, vətəndaş cəmiyyəti qurumları arasında ciddi etiraz və təəssüf hissi doğurub.
Qeyd olunur ki, Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan bu qurumun belə gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə vurulan zərbədir: "Bu qətnamənin qəbul edilməsinin Avropa İttifaqı və Türkiyə dövlətlərarası münasibətləri ilə bərabər Avropa-Azərbaycan əlaqələrinə də xələl gətirəcəyi şübhə doğurmur. Çünki Ermənistanın bütün bəşəriyyətin gözü qarşısında, zaman baxımından daha yaxın olan 26 fevral 1992-ci ildə törətdiyi Xocalı soyqırımı, eləcə də torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması ilə əlaqədar Azərbaycan Respublikası adından edilmiş müraciətlərə indiyədək Aİ ölkələri nə ayrı-ayrılıqda, nə də mövcud Avropa strukturları çərçivəsində ciddi reaksiya göstərib. İşğal edilmiş torpaqlarından 1 milyondan çox qaçqın və məcburi köçkün əhalini qəbul etmiş Azərbaycana qarşı ədalətsiz münasibət, təəssüflər olsun ki, bu gün də davam edir. Guya 1915-ci ildə baş vermiş erməni soyqırımın 24 apreldə ümumavropa hüzn günü kimi qeyd edilməsi haqqında qətnamə Avropa Parlamentinin ikili standartlar və islamofobiya mövqelərindən çıxış etdiyini bir daha bariz şəkildə göstərir".
Bildirilir ki, Avropa Parlamentinin bu qətnaməsi Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi işlədilən ilk antiislam, antitürk və antiazərbaycan mahiyyətli qərar deyil: "Azərbaycan qeyri-hökumət təşkilatları Avropa Parlamentini bu qərəzli və birtərəfli addımlardan çəkinməyə çağırmaqla bərabər diqqətə çatdırır ki, Azərbaycan və Türkiyə Avropa ölkələri ilə ədalətli, qarşılıqlı fayda verən əməkdaşlığı həmişə yüksək tutaraq regionda sülhün və sabitliyin qorunmasına dəstək verir. Erməni qəsbkarlarının regiondakı türk-müsəlman əhaliyə qarşı törətdiyi qanlı aksiyaların bu gün də davam etməsi beynəlxalq sülhə, əməkdaşlığa və əmin-amanlığa təhdid kimi dəyərləndirlmək əvəzinə Avropa Parlamenti kimi nüfuzlu qurumlar tərəfindən himayə edilməməlidir".
Sıralarında 652 QHT-ni birləşdirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Avropa Parlamentinin qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi qərəzli qətnaməyə qəti etiraz bildirir və Avropa strukturlarını türk, müsəlman ölkələrinə qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırır.