Azərbaycan, Bakı, 12 may /Trend/
Bu gün Azərbaycanın Baş naziri Artur Rasi-zadə regional biznes-forumun işində iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Türkiyə Baş nazirinin müavini Əli Babacanı qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı qardaş Türkiyə ilə Azərbaycanın tarixən sıx əlaqələrə malik olmasından söz açan A.Rasi-zadə ənənəvi doğma münasibətlərimizin müasir dövrdə daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla qeyd edib. Daha sonra qarşılıqlı faydalı əsaslarda siyasi, iqtisadi, mədəni əlaqələrin daha da möhkəmləndirilməsinin zərurətini vurğulayan Baş nazir nəqliyyat, rabitə, telekommunikasiya, enerji, ticarət və digər sahələrdə əməkdaşlığımızın çox böyük səmərəli nəticələr verdiyinə diqqəti yönəldib.
Qəbula görə Azərbaycan Baş nazirinə minnətdarlığını bildirən Ə.Babacan Türkiyə ilə Azərbaycanın stabil və etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb. O, müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığımızın perspektivinə toxunaraq bildirib ki, gələcəkdə də bir-birimizə hərtərəfli dəstək baxımından çox böyük imkanlar var.
Sonra Ə.Babacan "G-20" platforması çərçivəsində Bakıda keçirilən regional biznes-forumda müzakirə ediləcək məsələlər barədə Baş nazirə ətraflı məlumat verib.
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.