...

Avropa paytaxtlarının polis rəisləri Bakıya toplaşdı

Siyasət Materials 28 Avqust 2015 12:23 (UTC +04:00)
Avqustun 28-də Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Avropa Paytaxt Polis Rəislərinin növbəti 37-ci konfransı öz işinə başlayıb.
Avropa paytaxtlarının polis rəisləri Bakıya toplaşdı

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Avqustun 28-də Daxili İşlər Nazirliyinin "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində Avropa Paytaxt Polis Rəislərinin növbəti 37-ci konfransı öz işinə başlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 25 ölkədən 70-ə yaxın nümayəndənin qatıldığı konfransda Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qonaqları salamlayıb, paytaxt şəhərlərində təhlükəsizliyin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasına həsr olunmuş bu mötəbər tədbirin gələcək əməkdaşlığın inkişafına yeni imkanlar açması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Respublikamızın zəngin tarixə və mədəniyyətə malik, Avropa və Asiya arasında yerləşən, Şərqdə ilk demokratik cümhuriyyəti quran ölkə olduğunu məmnunluqla xatırladan nazir müstəqilliyin ilk illərində ölkəmizdə mürəkkəb ictimai-siyasi vəziyyətin mövcudluğunu, yalnız 1993-cü ildə xalqımızın Milli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun öndərliyi ilə görülən tədbirlər nəticəsində ölkdə ictimai-siyasi vəziyyətin sabitləşdiyini, kriminogen durumun tam nəzarətə alındığını, vətəndaşlarımızın dinc, təhlükəsiz yaşamasının təmin edildiyini diqqətə çatdırıb.

Növbəti illərin ölkəmiz üçün transformasiya və inkişaf dövrü olduğunu, Azərbaycanın beynəlxalq birliyin nüfuzlu üzvünə çevrildiyini, regional müstəvidə, eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan daxili işlər naziri bu gün bütün dünyada, o cümlədən bölgədə yaşanan böhranlara baxmayaraq, respublikamızın uğurla inkişaf etdiyini, insanların rifah halının yaxşılaşdığını, dövlətimizin siyasətinin mərkəzində vətəndaşların hüquq və azadlıqlarının qorunmasının, onların rifahının, milli dəyərlərin dayandığını, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız üçün taleyüklü sayılan mühüm layihələrin reallaşdığını qeyd edib.

Daha sonra cənab Ramil Usubov konfrans iştirakçılarına polisin təyinatı, Daxili İşlər Nazirliyinin strukturu, funksiya və vəzifələri, ölkəmizdəki kriminogen durum barədə ətraflı məlumat verib.

Həmçinin qeyd olunub ki, son on ildə 5 mindən çox əməkdaşımız BMT, NATO, Avropa Şurası və ATƏT-in təşkil etdiyi tədbirlərdə iştirak edib, təcrübə mübadiləsi aparılıb. Artıq onların bir çoxu xarici dövlətlərdə ekspert qismində təlimlər keçir, xüsusi layihələrə cəlb olunurlar. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əlaqələrimiz də tərəflərin maraqlarına uyğun inkişaf edir. Bu formatda 40-dan çox ölkənin müvafiq qurumları ilə 94 beynəlxalq sənəd imzalanıb.

Qonaqların nəzərinə çatdırılıb ki, hərtərəfli islahatlar və modernləşmə cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə qarşı adekvat cavab tədbirlərinin görülməsinə tam imkan verir. O da bildirilib ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində əldə olunan müsbət nəticələrin məntiqi nəticəsi olaraq, Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini tam təsdiqləyib. Onun paytaxtı Bakı şəhəri beynəlxalq əhəmiyyətli siyasi, mədəni və idman tədbirlərinin, o cümlədən zirvə görüşlərinin, konfransların, humanitar forumların, dünya və Avropa çempionatlarının keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, təxminən 2 ay əvvəl ölkəmiz ilk Avropa Oyunlarına ev sahibliyi edib. Qitənin 6000-dən çox idmançısını bir araya gətirən və miqyasına görə Yay Olimpiya Oyunlarına bərabər olan bu dostluq və tərəfdaşlıq tədbiri də təhlükəsizlik və sabitlik şəraitində başa çatıb.

Çıxışının sonunda general-polkovnik Ramil Usubov Avropa Paytaxt Polis Rəislərinin 37-ci Konfransında aparılacaq müzakirələrin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyinə, iştirakçılara öz həmkarlarının təcrübəsindən faydalanmaq imkanı, bütövlükdə, cinayətkarlığa qarşı mübarizəyə layiqli töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tədbir iştirakçılarını salamlayaraq şərq və qərb sivilizasiyalarını, tarixiliyi və müasirliyi özündə əks etdirən qədim paytaxtımız haqqında qısa məlumat verib. O, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizdə quruculuq işlərinin geniş vüsət aldığını, paytaxt Bakı şəhərinin simasının yeniləşdiyini, daha da gözəlləşdiyini, sözügedən inkişafın təməlində digər amillərlə bərabər, vətəndaşlarımızın, ölkəmizin qonaqlarının, burada yaşayan və işləyən əcnəbilərin təhlükəsizliyinə, bütövlükdə, Azərbaycanın tərəqqisinə xidmət edən sabitliyin dayandığını, bu sabitliyin əldə edilməsində polisin də böyük xidmətləri olduğunu vurğulayıb.

Avqustun 30-dək davam edəcək konfransda cinayətkarlıqla mübarizənin bir sıra prioritet istiqamətləri, o cümlədən şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlər, həmçinin, meqapolislərin təhlükəsizliyi mövzularında ayrı-ayrı dövlətlərin nümayəndələrinin çıxışları dinləniləcək, maraqlı müzakirələr aparılacaq.

Avropa Paytaxt Polis Rəislərinin 37-ci konfransının sonunda birgə bəyannamə qəbul olunacaq.

Tədbir çərçivəsində qonaqlar paytaxtın görməli yerləri, xalqımızın qədim və zəngin adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Konfransın sonuncu günü iştirakçılar DİN-in "102", "Təhlükəsiz Şəhər" xidmətlərinə, Çevik Polis Alayına və Polis Akademiyasına, həmçinin, Bakı Şəhər BPİ-yə baş çəkəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti