Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Azərbaycan "Şərq tərəfdaşlığı" proqramından çıxarsa, bu proqram əsas komponentini itirəcək. Trend-in məlumatına görə, bunu Çexiya Prezidenti Miloş Zeman Bakıda Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
Çexiya Prezidenti bildirib ki, "Şərq tərəfdaşlığı"na faydalı proqram kimi baxır və Azərbaycanın bu təşkilatda indiyədək icra etdiyi rolu yüksək qiymətləndirir.
M.Zeman, xüsusilə "Şərq tərəfdaşlığı"na üzv olan bəzi ölkələrin, məsələn, Ukraynanın müəyyən böhrana düşdüyü vəziyyəti və Azərbaycan Prezidenti İlham Əliyevin bu münaqişəni, o cümlədən Praqada prezidentlərin görüşündə sülh yolu ilə nizamlamağa çalışdığını qeyd edib.
O, əlavə edib ki, bu yaxınlarda Avropa Parlamentinin Azərbaycan üzrə qətnaməsi və Azərbaycanın ona reaksiyası barədə məlumatlıdır.
Prezidentin sözlərinə görə, lakin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının bu mövqe ilə heç bir əlaqəsi yoxdur: "Belə təşəbbüslər "Şərq tərəfdaşlığı" çərçivəsində heç vaxt müzakirə olunmayıb".