Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Azərbaycan ixracımız baxımından bizim üçün mühüm ölkədir. Biz neftimizin təxminən 30 faizini Azərbaycandan idxal edirik. Trend-in məlumatına görə, bunu Çexiya Prezidenti Miloş Zeman Bakıda mətbuat üçün bəyanatla çıxışında deyib.
Miloş Zeman bildirib ki, bununla belə, Azərbaycan digər səbəblərə görə də bizim üçün yaxın ölkədir: "Əhalimizin sayı demək olar ki, eynidir. İqtisadi artım tempi kifayət qədər məqbuldur. İşsizliyin səviyyəsi isə aşağıdır. Lakin bir məsələni də qeyd etmək istərdim. Prezident Əliyev təvazökarlıq baxımından onu demədi".
Onun sözlərinə görə, Azərbaycan öz öhdəliklərini yerinə yetirən ölkədir: "Sizi əmin edə bilərəm ki, Azərbaycanda olan əla maliyyə durumu heç də bütün ölkələrdə yoxdur. Mənə bildirildi ki, Azərbaycan ərazisində apardığımız fəaliyyətin sığortalanmasına gəldikdə, heç bir işin pozulması və ya sığorta halı olmamışdır. Cənab Prezident, mən bunu yüksək dəyərləndirirəm. Bütün bunlar hamıya aydın olan, lakin adı çəkilməyən ölkələrlə müqayisədə Azərbaycana olan etimadı daha da artırır.
Biz, həmçinin bir sıra iqtisadi və ticari məsələləri müzakirə etdik. Qeyd etmək istərdim ki, Çex iş adamları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin birinci mərhələsinə uğurla sərmayə qoymuşlar. Artıq tikintinin ikinci mərhələsi başlayır. Ümidvaram ki, bu sahədə də əməkdaşlığımız uğurlu olacaq. İnfrastruktur baxımından bu layihə kifayət qədər genişmiqyaslıdır. Azərbaycanın ikinci şəhəri Gəncənin icra hakimiyyətinin başçısı şəhər nəqliyyatı, o cümlədən aşağı gərginlik tramvayları ilə bağlı Çex Respublikasına müraciət etmişdir. Çünki heç kəsin xətrinə dəyməmək üçün bildirim ki, adı çəkilməyən ölkənin verdiyi ilk təklif qəbuledilməz idi. Çexiyanın təklifi daha münasib oldu. Əlbəttə ki, işlədiyimiz ənənəvi sahələr, xüsusən də müdafiə sənayesi, eləcə də Azərbaycanın polis qüvvələri üçün istər radar, istərsə də digər silah növləri baxımından əməkdaşlığa hazırıq.
İmzalanmış sənəddə göstərildiyi kimi, biz kənd təsərrüfatı sahəsində əməkdaşlığa açığıq. Bildiyimiz qədər, bu sahədə Azərbaycan öz məhsullarının bir hissəsini ixrac edir və bu baxımdan özünü təmin edən ölkədir. Bundan əlavə, onlarla digər nümunə gətirə bilərəm. Lakin, fikrimcə, onlar haqqında biz sabah biznes forumda söhbət aça biləcəyik. Hamınızı həmin tədbirdə görməyi arzulayıram. Sabah bu haqda daha dolğun danışacaq şəxsləri qabaqlamaq istəməzdim.
Yekun olaraq, bildirmək istərdim ki, mən cənab Prezidenti Çex Respublikasına səfərə dəvət etdim. Qeyd edim ki, Prezidentin rəhbərliyi altında Çex Respublikasına da bir sıra Azərbaycan sərmayələri qoyulsa, çox şad olaram. Ölkəmizdə mehmanxanalar və kurortlar, investisiya baxımından digər münasib məkanlar var. Tam əmin ola bilərsiniz ki, Çexiyada qoyulmuş maliyyə sərmayələri özünü doğruldacaq. Çex Respublikası bu baxımdan Mərkəzi Avropada kifayət qədər təhlükəsiz yerdir. Təbii ki, digər tədbirlər çərçivəsində də görüşəcəyik. Lakin Praqada gələcək görüşümüzü səmimiyyətlə arzulayıram. İnanıram ki, bu görüş baş tutacaq və həmin görüşdə atılmış yeni iqtisadi addımları qeyd edə biləcəyik".