...

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib (FOTO)

Siyasət Materials 16 Sentyabr 2015 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Sentyabrın 16-da Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Prezidenti Miloş Zeman forumda iştirak ediblər.

Azərbaycan-Çexiya biznes forumunda çıxış edən Prezident İlham Əliyev tədbirin iştirakçılarını salamlayaraq indiyə qədər iş adamlarımız arasında keçirilən görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirdi. İkitərəfli münasibətlərin strateji xarakter daşıdığını deyən dövlətimizin başçısı Prezident Miloş Zemanın səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair imzalanan birgə Bəyannamənin əhəmiyyətini vurğuladı. Azərbaycan-Çexiya iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacib olduğunu deyən Prezident İlham Əliyev biznes dairələri arasında əlaqələrin yaxşı koordinasiya olunmasının vacibliyinə toxundu.

Dövlətimizin başçısı səfər çərçivəsində Çex Respublikası banklarının ölkəmizdəki layihələrdə iştirakının müzakirə olunduğunu, Azərbaycanın maliyyə tərəfdaşı kimi öhdəliklərini uğurla yerinə yetirdiyini, gələcək illərdə əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinə ehtiyacın olduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev əməkdaşlıq baxımından nəqliyyat sektorunun verdiyi imkanlardan danışdı. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini vurğuladı. Azərbaycan neftin Çex Respublikasına etibarlı ixracatçısı olduğunu deyən Prezident İlham Əliyev Avropanın qaz bazarında ciddi iştirakçıya çevrilən ölkəmizin "Cənub qaz dəhliz"i layihəsinin reallaşmasındakı rolundan danışdı. Dövlətimizin başçısı bu layihənin ölkəmizə təchizat marşrutlarının şaxələndirilməsinə imkan yaradacağını dedi.

Ölkəmizdəki sərmayə mühitindən danışarkən Prezident İlham Əliyev bildirdi ki, ötən il Azərbaycana 27 milyard dollar sərmayə yatırılıb və bu sırada xarici investisiyalar xüsusi çəkiyə malikdir. Bu da onu göstərir ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda müsbət sərmayə mühiti hökm sürür. Bunu təsdiqləyən əsas amillərdən biri də cari ilin 8 ayında Azərbaycan iqtisadiyyatının 4 faizdən çox artması, qeyri-neft sektorunun inkişaf etməsi, xarici borcumuzun 10 faizdən aşağı olmasıdır. Azərbaycan iqtisadiyyatının dünyada 40 ən qabaqcıl iqtisadiyyatlardan biri olduğunu deyən dövlətimizin başçısı kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş şəraitin olduğunu dedi və birgə müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsinin mümkünlüyündən danışdı.

Prezident İlham Əliyev çıxışının sonunda əmin olduğunu bildirdi ki, bu forum əməkdaşlığın yeni sahələrinin müəyyən edilməsinə geniş şərait yaradacaq.

Çex Respublikasının Prezidenti Miloş Zeman ölkələrimiz arasında müəyyən oxşarlıqların olduğunu və bu bənzərliyin iqtisadi sahədə də özünü göstərdiyini dedi. Belə ki, Azərbaycan kimi Çex Respublikası da Avropa məkanında işsizliyin və xarici borcun aşağı həddə olması ilə fərqlənir. Ölkəsinin idxal etdiyi neftin 30 faizdən çoxunun Azərbaycandan gəldiyini deyən Miloş Zeman Çexiyada 200-dən çox azərbaycanlı tələbənin təhsil aldığını bildirdi, bu sahədə əlaqələrin genişləndirilməsinin mümkünlüyünə toxundu. Miloş Zeman ölkələrimiz arasında sıx əməkdaşlığın qurulduğunu deyərək bu naliyyətin biznes dairələrini də əhatə etməsinin vacibliyinə diqqət çəkdi və əmin olduğunu bildirdi ki, yaradılan imkanlardan hər iki tərəf faydalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti