...

Politoloq: "Qərbin Azərbaycanı "ikinci Türkiyə"yə çevirməsinə imkan verməyəcəyik"

Siyasət Materials 18 Sentyabr 2015 17:01 (UTC +04:00)
"Qərbin Azərbaycanı "ikinci Türkiyə"yə çevirməsinə imkan verməyəcəyik".
Politoloq: "Qərbin Azərbaycanı "ikinci Türkiyə"yə çevirməsinə imkan verməyəcəyik"

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

"Qərbin Azərbaycanı "ikinci Türkiyə"yə çevirməsinə imkan verməyəcəyik". Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, Azərbaycan müstəqilliyinin üçüncü onilliyini yaşayır. Müstəqillik əldə etdikdən sonra dövlətin dağılması, xalqın parçalanması prosesi ilə üzləşən azərbaycanlılar özlərində güc tapıb nəhayət ki, dövlətçiliyini qoruyub saxlaya bildilər: "Təbii ki, ümummilli lider Heydər Əliyevin rolu şəksizdir. Amma Azərbaycan xalqının ağlına da gəlməzdi ki, Avroparlament və Avropadakı bəzi strukturlar onun düşməninə çevrilsin. Hər halda müstəqilliyin ilk illərində Azərbaycanın qazandığı təcrübə dövlətçiliyini, müstəqilliyini qoruyacağına optimist yanaşmağa əsas yaradır. Vaxtilə dünyanın elmi, fəlsəfi, politoloji, texnoloji lideri olan Avropa bu gün dünyada böhranın liderinə çevrilib. Ortalığa heç bir dəyər qoyulmadığı halda dəyərsizlik böyük prioritetə çevrilib. Avropanın ABŞ-la birlikdə Liviya, Əfqanıstan və İraqda başladığı oyunlar bu gün Avropanın özünü daha çətin vəziyyətə salır. Avropanın sərhədlərində hər gün minlərlə adamın insan hüquqları pozulur. Yüzlərlə insan ölür".

Politoloq bildirib ki, Avropa özü demoktratik dəyərlərdən imtina etməyə hazırlaşır: "Avropalı siyasətçilərin, jurnalistlərin davranışları bəzən insanlıqdan çox uzaq olur. Belə vəziyyətdə Avroparlament bu baş verənlərin heç birisini görmür, reaksiya vermir. Birdən-birə 500 deputatın yadına Azərbaycanda insan hüquqları düşür. Azərbaycan insan hüquq müdafiəçiləri sayca çoxdur. Demək olar ki, hamısı müxalifət mənşəlidir. İndi də müxalifətçiliklərini saxlamışlar. Amma bu insan hüquq müdafiəçiləri içərisində niyə məhz Leyla Yunus bu qədər çox varlıdır, bu sualın cavabını tapmaq avropalılara sərf etmir. Müstəqillik illərində Leyla Yunusla çiyin-çiyinə dayanmış bəzi xanim hüquq müdafiəçiləri bu gün az qala ofislərinin icarə haqqını qazana bilmirlər. Amma Leyla Yunusun ölkə daxilində və xaricində mülkləri var. Xədicə İsmayıl Azərbaycanda hakim ailənin mal-mülkə sahib olması haqqında yazı yazdı. Bu yazıya heç kəs ciddi əhəmiyyət vermədi. Cəmiyyətimiz tolerantdır. Amma sonrada kimlərinsə təhriki ilə məhz o məlumatın gündəlik təkrarlanması baş verdi. Bu artıq hansısa məqsəd daşıyan siyasi kampaniyadır. Bu kampaniya istər-istəməz onun müəlliflərini daha əlavə qanun pozuntusu etməyə təhrik etməli idi. Azərbaycanın torpaqlarının 20%-i qonşu xristian Ermənistan tərəfindən işğal olunub. 1 milyon adam qaçqın və məcburi köçkün vəziyyətindədir. Hər gün 1 milyon insanın ən azı sərbəst yerdəyişmə hüquqları pozulur".

M.Əhmədoğlu deyib ki, Azərbaycan dövlətinin ən böyük hüquqlarından olan ərazi bütövlüyü pozulub. Belə olan təqdirdə Avropa qurumları bunu yada salmaq fikrində deyillər: "Avroparlamentdə və Avropanın digər bütün strukturlarında Dağlıq Qarabağın Azərbaycana məxsus olması barədə beynəlxalq hüquqi qüvvəyə malik sənədlər var. Ən azı Azərbaycan və Ermənistan BMT-yə üzv olarkən Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Azərbaycan ərazisi kimi göstərilib. S.Sərkisyan 2014-cü ilin aprelin 24-də Praqada Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının 5 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edərkən Azərbaycanı hansı əsasla bu proqrama qoşulduğunu başa düşmədiyini bildirdi. Eləcə də 2010-cu ildən etibarən S.Sərkisyan Avropa ölkələrinə səfər edərkən Avropa erməniləri S.Sərkisyana Azərbaycanın Avropada gücləndiyindən şikayətləndilər və ondan məsləhət istədilər. S.Sərkisyan onlara Azərbaycanda demokratiya və insan hüquqları məsələsi ilə məşğul olmağı məsləhət bildi. Ermənilər Avropadakı bütün resurslarını işə saldılar. ABŞ-dakı erməni təşkilatları da antiazərbaycan istiqamətində yenidən aktivləşiblər. Onlar konqresmenlərin Azərbaycana səfər etməsini məsələsi 3 dəfə konqresin Etika komissiyasında qaldırıblar. Milliyətcə erməninin ABŞ Dövlət Katibinə müşavir təyin edilməsi ermənilərin arxalı olduğunu göstərir".

Onun sözlərinə görə, Avroparlamentin Azərbaycanın ərazi bütövlüyünə, Dağlıq Qarabağ probleminə, fundamental hüquqlarına neqativ münasibəti əvvəlcədən bəllidir: "1993-cü il 21 yanvarda qəbul edilmiş B3-0049/93 qətnaməsində hər şey aydın göstərilib. İndi Avroparlament və digər strukturlar bu istiqamətdə fəaliyyət göstərirlər. Amma daha fundamental məsələ Avropada Azərbaycanla Türkiyənin eyniləşdirlməsidir. Çünki məhz Ermənistan belə təqdim edib. İndi Avropa Azərbaycanı ikinci Türkiyəyə çevirib. 50 il Türkiyənin müxtəlif vədlərlə aldadıb, qapının ağzında saxlayıb. Azərbaycandan verilən sərt reaksiyalar məhz bu parametrləri nəzər alır: Azərbaycan ikinci Türkiyəyə çevrilməyəcək. Xalqımızın dünya erməniliyinin fəaliyyətinə münasibəti bəllidir. Təmkinlə, səbirlə uzunmüddətli mübarizəni axıradək davam etdirəcəyik. Azərbaycan özünə qaz bazarı tapa bilər. "Qazprom"(RF) Azərbaycanın bütün qazını dünya bazarı konyunkturasına uyğun almaq təklifini 5 il bundan qabaq irəli sürüb və vaxtaşırı təklifini təkrarlayır. Avropanın ermənilərə münasibəti Azərbaycanı Rusiyanın müttəfiqinə çevirir. Azərbaycan Rusiyasız da öz nefti və qazı üçün bazar tapa bilər. İndi Avropa Türkmənistan qazının Azərbaycan ərazisi ilə Avropaya çıxmasına çalışır. Avropa ilə münasibətləri kəsilmiş Azərbaycan öz neft və qazını Türkmənistan kəmərləri ilə Çin bazarına çıxa bilər. Bizim itkilərlə rastlaşacağımız şəksizdir. Amma tamam mürəkkəb və çətin vəziyyətə düşməyimiz isə qeyri-mümkündür. Avropa özü üçün problemlər yaratmaqda bir az da irəli gedəcək. Problemlərinin sırasına birisi də qoşulacaq. Azərbaycanla əlaqəli problemin qoşulması Avropa üçün kritik hədd ola bilər. Avropa ilə Azərbaycan arasındakı indiki problemin müəllifi avropalılardır. Avropalılardan fərqli mesajlar gözləyirik. Müzakirə vasitəsilə bütün məsələləri araşdırmağı, vahid qərar qəbul etməyi mümkün hesab edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti