...

Əli Həsənov: Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır (ƏLAVƏ OLUNUB 2)

Siyasət Materials 2 Oktyabr 2015 12:21 (UTC +04:00)
Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilib. Bu proseslərdə mətbuatın iştirakı mütləq şəkildə təmin olunub. Azərbaycanda indiyə qədər keçirilən seçkilər demokratik və ədalətli şəkildə keçib.
Əli Həsənov: Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır (ƏLAVƏ OLUNUB 2)

İlk xəbər 11:40-da yayılıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilib. Bu proseslərdə mətbuatın iştirakı mütləq şəkildə təmin olunub. Azərbaycanda indiyə qədər keçirilən seçkilər demokratik və ədalətli şəkildə keçib".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə çıxışında deyib.

Ə.Həsənov bildirib ki, müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə bu nöqsanlardan sığortalanmayıb, lakin ümumi seçki nəticələrinə görə bu seçkilər ədalətli, demokratik keçib: "İnanıram ki, bu seçkilər də istisna olmayacaq. Seçkilər cəmiyyətdəki ovqatdan, ictimai mühitdən və yaradılan şəraitdən asılıdr. Mərkəzi Seçki Komissiyası bütövlükdə Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün bütün lazimi tədbirləri görüb".

Mətbuat haqqında danışan Ə.Həsənov qeyd edib ki, jurnalist vəsiqəsi kifayət edir ki, KİV təmsilçiləri əvvəldən axıra qədər seçki prosesini izləmək hüququna malik olsunlar: "Biz mətbuatı seçkilərin mühüm bir iştirakçısı kimi dəyərləndiririk. Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının necə olmasını öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdırmaqda yeganə institut mətbuatdır. Bəzən MSK verdiyi rəyi bəzi dairələr obyektiv dəyərləndirməyə bilir, amma mətbuat bunu obyektiv dəyərləndirir. Bu baxımdan mətbuatın rolu dəyərsizdir. Mətbuat seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, bloklara bərabər şərait yaratmalıdır. Mətbuat KİV haqqında qanun, seçki qanunvericiliyinə uyğun hərəkət etməli və dövlətin yürütdüyü plüralistik siyasətə söykənərək namizədlər üçün bərabər şərait yaratmalıdır".

Ə.Həsənov deyib ki, eyni zamanda mətbuat bir dövlətin imicinin formalaşmasında iştirak edən mühüm vasitədir: "Azərbaycan dövlətinin imicinin formalaşmasında KİV-in rolu əvəzsizdir. Bilirsiniz ki, müasir dünyada imic yaratma, ictimai rəyi idarəetmə mexanizmiləri bəlli mərkəzlər tərəfindən idarə olunur. Yəni dünyada ümumi tendensiya ondan ibarətdir ki, KİV-lər azad, müstəqil olmalıdır, öz siyasətlərini və fəaliyyətlərini özləri qurmalıdırlar. Amma sirr deyil ki, dünya ölkələrində mövcud olan KİV-lərin idarə edilməsi tendensiyası bütün dövlətlərə məxsusdur. Bütün dövlətlər çalışır ki, onun fəaliyyəti ilə bağlı informasiya yayan, həmin cəmiyyətdə mövcud olan ictimai ovqatı dəyərləndirən və bu barədə məlumat verən KİV-lər maksimum dərəcədə idarə olunsun".

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan dövləti də çalışır ki, KİV-ləri idarə etsin: "Amma nə dərəcədə biz buna nail oluruq, bu idarəçilik onların azadlığına, sərbəst fəaliyyətinə mane olur və ya olmur, bunu dəyərləndirmək lazımdır. Dövlətin KİV üzərində müəyyən avtoritet nüfuza malik olması hansı mexanizmlə həyata keçirilir? Dünya ölklərində bunun müxtəlif yolları, vasitələri var. Biz Azərbaycanda KİV-ləri dəstəkləmək xətti götürmüşük. Bilirsiniz ki, bu, dövlət büdcəsindən müəyyən qrantlar, bu və ya digər həvəsləndirmələr, jurnalist müsabiqələri keçirmək, birbaşa onların bu və ya digər problemlərinə dövlət yardımı göstərmək xətti ilə həyata keçirilir. KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasi qəbul olunub və ona müvafiq olaraq Fond yaradılıb. Amma heç kim deyə bilməz ki, bütün bunlar Azərbaycan hakimiyyətinin total şəkildə KİV-in fəaliyyətinə müdaxiləsi formasında həyata keçirilir. Azərbaycanda heç kim deyə bilməz ki, KİV-in fəaliyyətini Azərbaycan hakimiyyəti idarə edir və onun bütün jurnalist normalarını, azad jurnalist prisiplərini hakimiyyət müəyyən edir. Amma, eyni zamanda, əlbəttə biz dövlət olaraq bu resursun əhəmiyyətini dəyərləndirərək onlarla səmərəli tərəfdaşlıq fəaliyyəti qurmağa çalışırıq. Bizim KİV-lərə münasibətlərimizin təməlində tərəfdaşlıq dayanır".

Ə.Həsənov qeyd edib ki, ümumilli lider Heydər Əliyev Azərbaycanda KİV sahəsində siyasi plüralistik normaların formalaşmasının təməlində dayanır: "1998-ci il 6 avqust fərmanı ilə ümummilli lider KİV üzərindən bütün tənzimləyici və dövlət idarəedici mexanizmləri götürməklə, ləğv etməklə Azərbaycanda azad sözün, müstəqil medianın təməlini qoydu. Bu gün də Prezident İlham Əliyev bu prinsiplərə əməl edərək Azərbaycanda siyasi plüralistik cəmiyyətin formalaşması və inkişafı istiqamətində bütün addımları atır. Bu gün Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır və istənilən insan bloq açıb, orada öz fikirlərini söyləyə və başqaları ilə bölüşə bilər. Hər bir insan facebook səhifəsində özünü və düşündüyü ideyaları və digər məsələləri təbliğ edə bilər. KİV-lər istədikləri informasiyanı sərbəst şəkildə toplayb yaya bilər, o cümlədən hakimiyyətin yürütdüyü siyasətə tənqidi və yaxud da dəstəkləyici münasibət bildirə bilərlər. Biz sosial şəbəkələri idarə etmirik və etmək fikrimiz də yoxdur. Bu sahədə Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq. Azərbaycan dövlətinin təməlində demokratik normalar durur ki, bu da bizim Konstitusiyamızda əks olunub. Ümummilli lider tərəfindən təməli qoyulmuş azad media, siyasi plüralistik cəmiyyət normaları Prezident İlham Əliyev və onun komandası tərəfindən də davam etdirilir və bundan sonra da davam etdiriləcək".

Ə.Həsənov sonra bildirib ki, hər bir jurnalist Azərbaycanda seçki prosesini sərbəst şəkildə izləmək hüququna malikdir, amma bu, Azərbaycanda fəaliyyət göstərən xarici KİV-lərin nümayəndələrinə aid deyil: "Bu, bütün dünyada belədir. Xarici KİV-lərin Azərbaycanda fəaliyyət göstərməsi üçün normalar var. Onlar Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmək və Mərkəzi Seçki Komissiyasına müşahidə etmək arzularını bildirib, müvafiq sənədi aldıqdan sonra seçkiləri müşahidə edə bilərlər. İstərdik ki, mətbuat da bu barədə məlumat versin və Azərbaycan əleyhinə kampaniya aparanlar da bilsinlər ki, dövlətin idarəçiliyi qanunlar çərçivəsində həyata keçirilir və bütün hüquqi normalara əməl etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti