Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Trend-in baş direktorunun müavini, ekspert Emil Hüseynli ANS telekanalının "Beşbarmaq" verilişində Prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafına dair verilən son fərman və qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı məsələlərlə əlaqədar aparıcının suallarını cavablandırıb.
E.Hüseynli qeyd edib ki, məlum fərmandan və qəbul olunan qanundan öncə cənab Prezident bir neçə dəfə müşavirədə bununla bağlı məmurlara çox ciddi iradlarını bildirmişdi və hətta son müşavirədə səbrinin tükəndiyini bəyan etmişdi: "Çox keçmədi ki, bu, özünü göstərdi. Hesab edirəm ki, bu islahat oliqarxlaşmış bəzi məmurlar üçün çox ciddi bir sədd oldu. Onlar öz vəzifə səlahiyyətlərindən sui istifadə edə bilməyəcəklər".
E.Hüseynli bildirib ki, əslində bu islahatlar sahibkarların üzərinə çox ciddi məsuliyyət qoyur: "Hesab edirəm ki, bu iki il müddətində onların atacağı addımların iki ildən sonrakı müddətdə veriləcək fərmanlara çox ciddi təsiri olacaq. Bu o demək deyil ki, sahibkarlar bundan sui-istifadə edərək hansısa neqativ hallara yol verəcəklər. Burada da insan faktoru öz rolunu oynayacaq. Güman edirəm ki, insanların da şüurlarında sahibkarlıq haqqında bir dəyişiklik olmalıdır. Yəni fikirləşmək lazımdır ki, əgər dövlət bunlara bu güzəşti edirsə, deməli, sahibkarlar da daha insafla işləməli, istehsal etdikləri məhsulların qiymətinə, keyfiyyətinə məsuliyyət daşımalıdırlar. Düzdür, burada rəqabətlilik var, bazar iqtisadiyyatıdır, ancaq bu iki il müddətində sahibkarların bu məsələdə nə qədər insaflı olub-olmadığına şahid olacağıq".
Trend-in baş direktorunun müavini istər məmur, istərsə də sahibkarın öz hüququnu bilmədiyinə inanmır: "Onlar öz hüquqlarını bilir, sadəcə bəzən sui-istifadə halları olur. Əgər faiz hesabı ilə götürsək, məmur-sahibkar münasibətlərində hər ikisinin üzərinə məsuliyyət düşür. Çünki məmur özbaşınalığı var, bu faktdır. Yoxlamalar vaxtı insan faktoru, sui-istifadələr var. Sözsüz ki, qəbul olunan qərar bu günün, dünənin söhbəti deyil. Bu, uzun müddət araşdırılıb və bu nəticəyə gəlinib. Bu qərar hər iki tərəfin üzərinə böyük məsuliyyət qoyub. Bundan sonra hər halda məmur daha məsuliyyətli olacaq. Və məmur da anladı ki, bundan o tərəfə yol yoxdur, sahibkar da anladı ki, fəaliyyəti tam şəffaf olmalıdır".
E.Hüseynlinin sözlərinə görə, "ASAN xidmət"in fəaliyyəti ərzində sübut olundu ki, bu model rüşvətin və korrupsiyanın qarşısının alınmasına çox böyük töhfə verir: "Lisenziyaların verilməsinin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsinin məqsədi vaxt itkisinə yol verməmək və insan faktorundan irəli gələn sui-istifadə, rüşvət və korrupsiya halının qarşısını almaqdır. Hesab edirəm ki, bu, düzgün qərardır və öz müsbət nəticəsini göstərəcək".