...

Mübariz Əhmədoğlu: Vasitəçilər, Almaniya, Əmək bölgüsü, BMT QAK, AŞPA və HYA-nın V maddəsi, BMT BA-nın 62 /228 qətnaməsi, Sərkisyanın falstartı

Siyasət Materials 27 Noyabr 2015 10:42 (UTC +04:00)
ATƏT MQ Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsində özünün yaratdığı monopoliyadan imtina etməlidir. Dağlıq Qarabağ tənzimlənməsində bu vaxta qədər rolu olmuş beynəlxalq təşkilatlarla əmək bölgüsünə getməlidir.
Mübariz Əhmədoğlu: Vasitəçilər, Almaniya, Əmək bölgüsü, BMT QAK, AŞPA və HYA-nın V  maddəsi, BMT BA-nın 62 /228 qətnaməsi, Sərkisyanın falstartı

Bakı. Trend:

ATƏT MQ Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsində özünün yaratdığı monopoliyadan imtina etməlidir. Dağlıq Qarabağ tənzimlənməsində bu vaxta qədər rolu olmuş beynəlxalq təşkilatlarla əmək bölgüsünə getməlidir.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Almaniyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsində yeni resurs yarada bilər: "ATƏT-in Minsk qrupunun üzvü olan Almaniya Avropanın lider dövlətlərindən biridir. ATƏT MQ həmsədrləri son bir ildə Almaniya rəsmiləri ilə iki dəfə görüşüblər. Almaniya Dağlıq Qarabağı işğal olunmuş əzəli Azərbaycan torpağı hesab edir. Almaniyanın ümumdünya miqyaslı proseslərdə aktivliyi göz qabağındadır. ATƏT-ə sədrliyi statusunda Almaniya passiv olacaqsa, bu ATƏT MQ-nin səhvi hesab ediləcəkdir. Almaniyanın ATƏT-ə sədrliyini ATƏT MQ-də 4-cü həmsədrin peyda olması kimi qiymətləndirmək daha düzgündür. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaranmış qaçqın problemindən xəbərdardır. Bu komissarlıq ilə rəsmi Bakı arasında müəyyən razılaşmalar oldu: Azərbaycan məcburi köçkünlərin probleminin həllinə diqqətini artırır, onların bütün sosial problemlərini öz üzərinə götürür. Ermənistandan qovulan azərbaycanlı qaçqınların siyasi problemlərini də aradan qaldırır. Bu problemləri həll etməklə Azərbaycan BMT QAK-a əlavə yük yaranmasına imkan vermədi".

Politoloq qeyd edib ki, əvəzində BMT QAK ilk anda qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmasında Azərbaycana yardım edəcəyinə vəd verdi: "BMT QAK-ın mütəxəssisləri az saylı olsa da, bir neçə dəfə bu mövzuda Ermənistanla danışıqlar aparıblar. BMT QAK-a Ermənistandan qovulmuş azərbaycanlıların, Azərbaycanı tərk etmiş ermənilərin geri qayıtmaları məsələsi ilə məşğul olmağı tapşırmaq olar. Yenilənmiş Madrid Prinsiplərinin 5-ci maddəsi məhz bu problemə həsr olunub".

M.Əhmədoğlu deyib ki, AŞPA Dağlıq Qarabağ tənzimləməsi ilə ATƏT MQ-dən sonra ən çox məşğul olan beynəlxalq qurumdur: "AŞPA-nın 1416 saylı qətnaməsi (25 yanvar 2005-ci il) və bu yaxınlarda siyasi komitənin qəbul etdiyi "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" məruzəsinin qəbul edilməsi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan Alt Komitənin yaradılması ilə bağlı uzun və kəskin mübarizələr AŞPA-dakı aktivliyin göstəricisidir. AŞPA Dağlıq Qarabağ üzrə Alt Komitə yarada bilməsə də, Donmuş Münaqişələr üzrə Alt Komitə yarada bildi. ATƏT MQ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yükünün bir qismini AŞPA-nın üzərinə qoya bilər".

Mərkəz rəhbəri bildirib ki, AŞPA Dağlıq Qarabağa azərbaycanlı və erməni icmalarının dialoqu üçün ən yaxşı müstəvidir: "İnsan hüquqları məsələsi AŞPA üçün prioritetdir. Dağlıq Qarabağ tənzimlənməsində İnsan hüquqları məsələsinin rolunu əhəmiyyətli dərəcədə artırmaq olar. Azərbaycanın və Ermənistanın AŞPA-dakı nümayəndə heyətləri həm də Aİ-nin Şərq Tərəfdaşlığı proqramının "Avronest" qrupunun üzvüdürlər. Aİ strukturlarını da Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqa qoşmaq olar. Gənclər, uşaqlar, qadınlar arasında silsilə dialoq mexanizmi yaratmaq olar. Beləliklə, AŞPA bünövrə təşkilat olmaqla, Aİ-lə birlikdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində etimadın yaranmasında mühüm rol oynaya bilər".

Politoloq sonra qeyd edib ki, Helsinki Yekun Aktının 5-ci maddəsi münaqişələrin və ya mübahisələrin yalnız dinc yolla tənzimlənməsini ehtiva edir: "Yalnız bu zaman o tərəflərə vaxtı uzatmağa, sui-istifadəyə imkan vermir. Tənzimlənmə yubanacağı təqdirdə, tərəflərə digər substansiyalara, o cümlədən arbitraj məhkəmələrinə müraciət etməyə imkan verir. Vasitəçilər bu prinsipi də tənzimləmə prinsiplərinə əlavə edə bilərlər. BMT BA-nın 62/228 qətnaməsi (2009-cu il) də dinc danışıqların vaxt çərçivəsini müəyyənləşdirir.
Serj Sərkisyanın prezidentlərin görüşü təklifi falstartdır. Həmsədrlərin davranışından bəlli olur ki, onlar bu görüşdən xəbərsizdirlər. Deməli, müzakirə üçün heç bir sənəd hazırlanmayıb".

M.Əhmədoğlu deyib ki, dekabrın əvvəlində prezidentlər görüşürlərsə, dekabrın sonunda belə görüşə zərurət aradan qalxır: "S.Sərkisyan məzmunlu görüş imkanını bu qaydada rədd edir. S.Sərkisyanın bu falstartı həmsədrlərə mesajdır. Ümumiləşdirək: ATƏT MQ həmsədrləri Almaniya ilə birlikdə əmək bölgüsü aparırlar. Tənzimləmənin tərkibinə daxil olan məsələlərin bir qrupunun tənzimlənməsini BMT QAK-a, digər qrupunu isə AŞPA və Aİ-yə həvalə edirlər. Ümumi koordinasiya mərkəzi isə ATƏT MQ özü olur. Bu qaydada ATƏT MQ cəmi 2-3 ay ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə hərtərəfli sülh sazişi hazırlayıb Azərbaycan və Ermənistana təqdim edə bilər. Bu nüfuzlu beynəlxalq qurumların iştirakı ilə hazırlanan tənzimlənmə modeli qəbul edilmədikdə ATƏT MQ və ya tərəflərdən biri arbitraj məhkəməsinə və ya Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edir. Hərtərəfli sülh sazişinin hazırlanmasına maneçilik edən dövlət barəsində də Beynəlxalq arbitraj məhkəmələrinə də müraciət etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti