Bakı. Trend:
Fevralın 16-da Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizə səfərə gəlmiş Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtjan Saqıntayevin rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanla Qazaxıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğunu xatırladan Baş nazir A.Rasizadə birgə iqtisadi, enerji, nəqliyyat layihələrinin uğurla həyata keçirildiyini və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb. O, xüsusən nəqliyyat və energetika istiqamətlərində işbirliyinin genişləndirilməsinin günün tələbi olduğunu nəzərə çatdırıb.
Səfər müddətində Bakıda fəaliyyətdə olan və Ələtdə tikilən yeni dəniz limanlarını gəzərək görülən işlərlə, dəniz nəqliyyatı vasitəsilə ticarət və yüklərin daşınması sahəsində potensial imkanlarla yaxından tanış olduğu barədə ətraflı məlumat verən Qazaxıstan Baş nazirinin birinci müavini B.Saqıntayev regionun lider dövlətinə çevrilmiş Azərbaycanla əlaqələrə böyük önəm verildiyini, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da intensivləşdirilməsinin labüdlüyü fikrinə şərik olduğunu bildirib.
Qəbulda Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi olub.