...

Artur Rasizadə Çexiya Parlamenti Deputatlar Palatasının sədri ilə görüşüb

Siyasət Materials 14 Mart 2016 19:40 (UTC +04:00)

Bakı. Trend:

Martın 14-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı Azərbaycanla Çexiya arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğu və bu əlaqələrin daha da inkişaf etdirilərək strateji əməkdaşlıq səviyyəsində davam etdirilməsi üçün böyük potensialın mövcudluğu bildirilib.

Səfər çərçivəsində Bakıda keçirdiyi görüşlər barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verən çexiyalı qonaq nümayəndə heyətinin tərkibində ölkəmizə gələn iş adamlarının Azərbaycanla hərtərəfli işbirliyinə hazır olduqlarını nəzərə çatdırıb.

A.Rasizadə bir çox istiqamətlər üzrə Azərbaycanın etibarlı tərəfdaşı olan Çexiyanın ölkəmizlə təkcə enerjidaşıyıcıları sahəsində deyil, həmçinin qeyri-neft sektorunda da geniş əməkdaşlıq edə biləcəyini deyib. O, xüsusən maşınqayırma, hərbi-sənaye, bank-maliyyə, kənd təsərrüfatı, humanitar sfera, turizm, infrasttruktur və digər sahələrdə səmərəli fəaliyyət üçün münbit şəraitin olduğunu qeyd edib.

Görüşdə qlobal beynəlxalq problemlər fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət gedərkən, Baş nazir Çexiyanın hər zaman ölkəmizin haqq işini müdafiə etydiyini məmnunluqla xatırladıb. Tərəflər münaqişənin beynəlxlaq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar.

Səmimilik şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti