...

Kolinda Qrabar-Kitaroviç: Xorvatiyanın simasında hər zaman dəstək olacaq dostunuz var

Siyasət Materials 24 Oktyabr 2016 18:16 (UTC +04:00)
"İlk növbədə, icazənizlə, Prezident Əliyevə bizi Azərbaycanda belə səmimi qarşıladığı üçün təşəkkürümü ifadə edirəm. Bu gün və sabah Bakıda olmaq məndə böyük məmnunluq hissi doğurur".
Kolinda Qrabar-Kitaroviç: Xorvatiyanın simasında hər zaman dəstək olacaq dostunuz var

Bakı. Trend:

"İlk növbədə, icazənizlə, Prezident Əliyevə bizi Azərbaycanda belə səmimi qarşıladığı üçün təşəkkürümü ifadə edirəm. Bu gün və sabah Bakıda olmaq məndə böyük məmnunluq hissi doğurur".

Trend-in məlumatına görə, bunu Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Xorvatiya Prezidenti bildirib: "Əvvəla, futbol üzrə yığma komandanızın əldə etdiyi nailiyyətlərə görə Sizi təbrik etmək istəyirəm. Bu, xüsusilə milli qürur hissi və ölkənizdə birlik üçün çox vacibdir. Gəlin, idmanın və xüsusilə futbolun əhəmiyyətinə lazımınca qiymət verək. Cənab Prosineçki həqiqətən də bizim Azərbaycanda ən böyük təmsilçilərimizdən biridir. Eyni zamanda, ötən gecə Bakıda və Azərbaycanın digər bölgələrində çalışan Xorvatiya icmasının nümayəndələri ilə də görüşmək fürsətim oldu. Onların iki ölkə arasında əməkdaşlıq, dostluq və tərəfdaşlıq münasibətlərinin genişlənməsinə və dərinləşməsinə böyük ruh yüksəkliyi ilə yanaşmasını müşahidə etmək də mənim üçün çox sevindiricidir.

Cənab Prezident, 2013-cü ildə Xorvatiyaya səfərinizdən, həmçinin Suriya ilə bağlı London konfransı çərçivəsində görüşümüzdən sonra və xüsusən də ölkəmizə həmin səfəriniz zamanı dostluq və tərəfdaşlıq üzrə imzaladığımız razılaşmaya əsasən, düşünürəm ki, münasibətlərimizin inkişaf etməsi üçün qoyulmuş möhkəm təməl üzərində bizi qarşıda hələ çox işlər gözləyir. Siyasi münasibətlərimiz çox yaxşıdır. Aramızda açıq qalan məsələlər yoxdur. Lakin hesab edirəm ki, əlavə əməkdaşlıq üçün bir çox sahələr mövcuddur. Cənab Prezident, zənnimcə, bu səfərdən, bu gün Sizinlə və digər hökumət rəsmiləri ilə aparılan danışıqlardan sonra biz ölkələrimiz, xalqlarımız və iş adamlarımız arasında spesifik və konkret əməkdaşlığın əsasını qoya bilərik".

Kolinda Qrabar-Kitaroviç əlavə edib: "Ortaq marağımızda olan bir çox məsələlər, o cümlədən regional və qlobal təhlükəsizlik məsələləri var. Əlbəttə ki, Avropa İttifaqı, NATO, BMT və digər təşkilatlar kontekstində birgə əməkdaşlığımıza dair məsələlər də mövcuddur. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirik ki, bu münaqişə sülh və siyasi yolla həll olunmadır. Biz Minsk qrupu prosesini tamamilə dəstəkləyirik. Həmçinin Avropa İttifaqi ilə münasibətlərinizə gəlincə, Strateji Tərəfdaşlıq Razılaşmasının imzalanması və həyata keçirilməsi üçün Xorvatiyanın simasında Sizə hər zaman dəstək olacaq dostunuz var. Düşünürəm ki, təhlükəsizliklə bağlı yeni çağırışların artdığı və eyni zamanda, iqtisadi, enerji və digər sahələrdə, o cümlədən mədəniyyət, mədəni irs, millətlər və dinlər arasında anlaşma üzrə əməkdaşlıq fürsətlərinin üzə çıxdığı bir vaxtda və bu mənada qlobal təhlükəsizlik üçün perspektivləri münasib səviyyədə saxlamaq məqsədilə həmin razılaşmanın əhəmiyyəti daha da artacaq.

Sabah keçiriləcək biznes forumla bağlı çoxlu gözləntilərim var və onun başlamasını səbirsizliklə gözləyirəm. Həmin forum bu səfərdə məni müşayiət edən bir neçə Xorvatiya şirkəti üçün Sizin şirkətlərlə danışıqlar aparmaq və şəxsən mənim üçün əlaqələrin daha da inkişaf etdirilməsi potensialının müzakirəsi baxımından əla fürsət olacaq".

Xorvatiya Prezidenti vurğulayıb ki, enerji sektoru çox böyük əhəmiyyət kəsb edir: "Xorvatiya bir və ya bir neçə enerji mənbəyindən asılılığa son qoymaq istəyir. Bu, həm neftə, həm də təbii qaza şamil olunur. Biz TANAP, TAP və digər enerji layihələrinin tamamlanmasını və İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmasını səbirsizliklə gözləyirik. Bununla da mənim şəxsi təşəbbüsüm olan üç dənizin birləşməsi, - yəni, nəqliyyat, enerji və rəqəmsallaşdırma infrastrukturu və digər imkanlar vasitəsilə Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi təşəbbüsünün reallaşmasını gözləyirik ki, bizim bizneslər iqtisadiyyatımızın rəqabətliliyinə öz töhfəsini verə bilsinlər. Enerji daşınması nöqteyi-nəzərindən və eyni zamanda, məhsullarınızın Qərbi Avropaya çatdırılması üçün Xorvatiyadan və xüsusilə ölkəmizin limanlarından istifadə edilməsi baxımından Xorvatiya və Azərbaycan arasında yaxşı əməkdaşlıq perspektivlərini görürəm. Şimali Atlantika marşrutları ilə müqayisədə bu marşrut əlbəttə ki, nəqletmə vaxtını azaldacaq. Enerji və nəqliyyat sahələrindən savayı, infrastrukturun yaradılması sahəsində əməkdaşlıq üçün bir çox imkanlar var. Fiziki infrastrukturun yaradılmasına gəlincə, bizim Azərbaycanda iş görmək marağında olan çoxlu inşaat şirkətimiz var. Həmçinin qatarlardan tutmuş gəmiqayırmayadək nəqliyyat vasitələri istehsal edən şirkətlərimiz də var. Müxtəlif təyinatlar üzrə sifariş verən müştərilərin ehtiyaclarına görə layihələrini uyğunlaşdıran, gəmiqayırmanın keyfiyyəti və səmərəliliyi baxımından qlobal bazarda ən səriştəli şirkətlərdən biri olan “Uyanik” ilə sizin iş təcrübəniz var. Lakin əlbəttə ki, təkcə böyük bərələr və yükdaşıyan gəmilər deyil, başqa gəmilər də var. Xəzər dənizində sərhəd mühafizəsini, sülhü və təhlükəsizliyi təmin etmək üçün önəmli olan səyyar gəmilərin hazırlanması imkanları da var".

Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiya şirkətlərinin əksəriyyəti “Halal” sertifikatına malikdir: "Bu da, həmçinin turizmlə bağlıdır. Biz bütün dünyadan, o cümlədən Azərbaycandan turistlərə öz qapılarını açan inklüziv bir ölkə kimi turizmi inkişaf etdiririk. Ümidvaram ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəyik. Buna Xorvatiyanın Avropa İttifaqı ilə tətbiq etdiyi viza rejimi də öz töhfəsini vermişdir.

Ümid edirik ki, biz sabah sizin şirkətlərlə kommunikasiya, informasiya texnologiyaları, innovasiyalar, əczaçılıq, tibb, humanitar, minaların təmizlənməsi sahələri üzrə spesifik və konkret müzakirələr aparacağıq. Düşünürəm ki, bu səfərdən sonra həmin sahələrdə biz konkret əməkdaşlıq layihələrinə başlaya bilərik. Ümidvarıq ki, hər iki ölkənin biznes dairələri birgə iş görəcəklər və bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.

Cənab Prezident, bizi səmimi qarşıladığınız üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Həmçinin Mərkəzi və Cənub Asiya regionun sabitləşməsində oynadığınız rola görə Sizə təşəkkürümü ifadə edirəm. Əfqanıstanda və dünyanın münaqişələrdən əziyyət çəkən digər ölkələrində oynadığınız rola görə Sizə “Çox sağ olun!” deyirəm. Biz çıxış yollarını tapmaq və sülh proseslərinə dəstək olmaq üçün birlikdə çalışmağa davam edəcəyik. 1990-cı illərdə müharibə və işğaldan əziyyət çəkən bir ölkə kimi, biz yenidən inteqrasiya və sülh təcrübəmizi Sizinlə paylaşmağa hazırıq.

Cənab Prezident, mən Sizə, ailənizə, Azərbaycan xalqına sülh, firavanlıq və uğurlar arzu edirəm. Bizi səmimi qarşıladığınız üçün Sizə bir daha “Çox sağ olun!” deyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti