Bakı. Elçin Mehdiyev – Trend:
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik Azərbaycana keçdi.
Trend-in məlumatına görə, bu barədə qərar təşkilatın bu gün Bakıda keçirilən XVI Baş Assambleyasında qəbul edilib. AZƏRTAC Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov 2016-2019-cu illər üçün OANA-nın prezidenti seçilib.
Toplantıda İcraiyyə Komitəsinin yeni üzvləri seçilib, texniki və etika komitələrinin hesabatları dinlənilib. Növbəti üç ildə bu təşkilatın veb-saytının idarə edilməsi və digər təşkilati məsələlər AZƏRTAC-a həvalə olunub.
A.Aslanov Azərbaycana göstərilən bu etimada görə təşkilat üzvlərinə təşəkürünü bildirib:
“Sizi əmin edirəm ki, AZƏRTAC təşkilata sədrliyi dövründə təşkilata üzv olan hər bir agentliyə xüsusi diqqət ayıracaq, agentliklər arasında əlaqələrin möhkəmləndirilməsi, təşkilatın inkişaf etdirilməsi istiqamətində bütün lazımi işləri layiqincə yerinə yetirəcək”.
AZƏRTAC-ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov isə OANA-nın baş katibi seçilib.
Gündəlikdə olan məsələlərin müzakirəsindən sonra OANA XVI Baş Assambleyası öz işini başa çatdırıb. Təşkilat üzvləri tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür ediblər.
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası Koreyanın paytaxtı Seul şəhərində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edir. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Tədbirlərdə iştirak etmək üçün Azərbaycana Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.