...

ADTGT: Seçkilərdə müşahidə proseslərinə heç bir müdaxilə halları qeydə alınmayıb

Siyasət Materials 12 Aprel 2018 12:10 (UTC +04:00)
11 aprel prezident seçkilərində müşahidə aparan Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı hesabat təqdim edib.
ADTGT: Seçkilərdə müşahidə proseslərinə heç bir müdaxilə halları qeydə alınmayıb

Bakı. Trend:

11 aprel prezident seçkilərində müşahidə aparan Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı hesabat təqdim edib.

Trend-in məlumatına görə, seçkilərə və müşahidə prossesinə dair qanunvericilik sənədləri ilə təmin olunmuş təşkilat fəalları seçki günü Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında müəyyən olunmuş məntəqələrdə müşahidə aparıb və əvvəldən axıradək səsvermə prossesini yaxından izləyib. Təşkilat üzvü olan müşahidəçilərin ölkə ərazisinin 31 seçki dairəsinin 96 seçki məntəqəsi üzrə hesabatları və toplanan materiallar geniş təhlil edilib, onların verdikləri rəy və şərhlər analiz edilərək, ADTGT-nin prezident seçkilərində müşahidə prossesinə dair hesabatı aşağıdakı nəticələrə gəlib:

"Seçicilər məntəqəyə daxil olduqda, ilk olaraq, onların səsvermədə olub-olmamaları seçki komissiyasının üzvlərindən biri tərəfindən aydınlaşdırılıb. Bunun üçün onların sol əllərinin baş barmaqları xüsusi lazer cihazla yoxlanılıb, heç bir iz olmadıqda seçici səsvermə otağına buraxılıb. Seçki Məcəlləsinə uyğun olaraq, seçici məntəqə seçki komissiyasının üzvlərinə yaxınlaşıb, şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək seçki bülleteni alıb, barmağı xüsusi mürəkkəblə işarələnib və səsvermə kabinəsinə daxil olub. Bu zaman seçicilərin sərbəst səsverməsinə hər hansı müdaxilə qeydə alınmayıb, gizli səsvermənin pozulması halı müşahidə edilməyib. Seçki bülletenləri Məcəllənin tələblərinə uyğun olaraq seçicilərə verilib.

Səsvermə otağından kənar səsvermə ilə bağlı da hər hansı problem və ya qanun pozuntusu müşahidə edilməyib. Müşahidə apardığımız 4 məntəqədə MnSK üzvlərinin və müşahidəçilərin müşayəti ilə əvvəlcədən müəyyən edilmiş 6 yataq xəstəsi üçün daşınan seçki qutusundan istifadə edilərək, bu seçicilərin də vətəndaşlıq hüququndan istifadəsi təmin edilib. Eyni zamanda müsbət hadisələrdən biri kimi gözdən əlillər üçün xüsusi əlifba ilə hazırlanmış seçki bülletenlərinin olmasını da qeyd etmək lazımdır.

Müşahidəçilərin məlumatlarına görə, seçki bülletenlərinin doldurulması və şəffaf qutulara salınması prosesi zamanı müşahidə aparılmış seçki məntəqələrinin əksəriyyətində hər hansı qanun pozuntusu müşahidə edilməyib. Seçicilər sərbəst şəkildə səs vermiş, onların iradəsinin əleyhinə olaraq, seçki komissiyalarının üzvləri, müşahidəçilər tərəfindən hər hansı müdaxilə halına rast gəlinməyib. Ayrı-ayrı namizədlərin müşahidəçiləri və məşvərətçi səs hüquqlu MnSK üzvləri üçün tam şərait yaradılıb, onların səsvermə prosesini izləməsinə heç bir maneçilik müşahidə edilməyib.

Müşahidə zamanı məntəqə seçki komissiyalarının yerləşdiyi ərazi də müşahidə edilib və seçkilərin nəticələrinə təsir göstərə bilən pozuntular qeydə alınmayıb. Dövlət orqanları və ya seçki məntəqəsinin təhlükəsizliyinə cavabdeh olan hüquq-mühafizə orqanlarının əməkdaşları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, öz vəzifə salahiyyətlərini icra ediblər.

Seçicilərin bizə verdiyi məlumata görə, hər kəs könüllü şəkildə səsverməyə gəlib, onlardan hökumət qurumları tərəfindən hər hansı namizədin xeyrinə səs vermək xahiş edilməyib.

Səsvermə yerli vaxtla saat 19:00-da bitib. Seçki qutuları komissiya üzvləri, müşahidəçilər, namizədlərin vəkillərinin iştirakı ilə açılıb. Səslərin sayılması zamanı komissiya üzvləri, müşahdəçilər və jurnalistlərin seçki bülletenlərini tam görməsi üçün şərait yaradılmış, sayılan səslər elan edilib və qeyd edilib. Müşahidə aparmağı təmin edən şəraitdə və məsafədə seçicilərin səslərinin hesablanması, seçicilərin səsləri hesablanarkən seçki bülleteninin qoyulduğu zərfə, doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə baxmaq üçün tam şərait yaradılıb.

Seçki komissiyalarının sənədləri, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokollar qanunvericiliyə uyğun olaraq, səslər sayıldıqdan sonra doldurulmuş və komissiya üzvləri tərəfindən sərbəst şəkildə imzalanıb. Protokolların surətləri bütün namizədlərin nümayəndələrinə təqdim edilib.

Seçkilərin müşahidə edilməsi üçün heç bir məhdudiyyət olmamışdır. Mövcud qaydalara görə, həm yerli müşahidəçilər, həm də beynəlxalq müşahidəçilər akkreditə olunmaqla bütün seçki prosesini əvvəldən axıradək maneəsiz şəkildə izləyib. Yerli və xarici kütləvi informasiya vasitələri də Seçki Məcəlləsinə uyğun olaraq, seçkiləri izləmək və müşahidə aparmaq üçün azad və sərbəst fəaliyyət göstərib. İstər yerli, istərsə də xarici müşahidə missiyalarının fəaliyyəti tam təmin edilib. Müşahidə proseslərinə heç bir müdaxilə halları qeydə alınmayıb.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) fəallarının apardığı müşahidəni, müşahidəçilərin hesabatlarını, toplanan materialları və nəticələri geniş rəy və təhlillərlə analiz edərək hesab edir ki, 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkiləri tam açıq, demokratik, ədalətli və şəffaf şəraitdə, ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə baş tutub. ADTGT üzvlərinin Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 31 seçki dairəsi üzrə 96 seçki məntəqəsində apardığı müşahidəsinin nəticələrinə əsasən hesab edir ki, səsvermə prosesinə hazırlıq, səsvermə, müşahidə, səslərin sayılması və protokollaşdırılması şəffaflıq, azad ifadəetmə gözlənilməklə, qanun pozuntularına yol verilmədən həyata keçirilib. Qeyd edilənləri nəzərə alaraq, ADTGT seçkilərin baş tutduğunu və nəticələrin ölkə seçicilərinin iradəsini dolğun əks etdirdiyini bəyan edir.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti