Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda prezident seçkilərində bütün dairələrdə səsvermə nizam-intizama qanunauyğun həyata keçirilib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin yekunlarına dair mətbuat konfransında deyib.
M.Pənahov bildirib ki, çoxsaylı beynəlxalq və yerli müşahidəçilər seçkilərdə müşahidə aparıb və bütün müşahidəçilər seçkiləri yüksək qiymətləndirib. MSK sədri bildirib ki, seçki ilə əlaqədar məsuliyyəti olan bütün dövlət qurumları öz işlərini layiqincə yerinə yetiriblər. Onun sözlərinə görə, seçkilərdə hansısa xoşagəlməz hal müşahidə edilməyib, MSK-ya hər hansı bir qanun pozuntusu ilə bağlı hər hansı bir müraciət daxil olmayıb.
M.Pənahov bildirib ki, bu seçkilər Azərbaycanın həyatında tarixi hadisəyə çevrildi.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.
Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.