Bakı. Trend:
Prezident İlham Əliyev Ağcabədi rayonunun Hacıbədəlli–Pərioğlular–Təzəkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıbədəlli–Pərioğlular–Təzəkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.