...

"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 7 May 2018 16:26 (UTC +04:00)
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib.
"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib (FOTO) (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır.

Şura sədrinin sözlərinə görə, Azərbaycanın ictimai-siyasi həyatındakı bütün uğurlar Heydər Əliyevin adı ilə bağlıdır: "Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıdandan sonra ölkədə vətəndaş müharibəsi, xaosun qarşısını aldı, bizi müstəqilliyimizi itirməkdən qurtardı, sabitlik yaratdı. Daha sonra Heydər Əliyev ölkənin iqtisadi inkişafına başladı. Heydər Əliyev, həmçinin Azərbaycan mediasının inkişafına çalışdı. Bu gün Azərbaycanda söz azadlığı var və medianın qanunvericilik bazası kifayət qədər təkmilləşib".

Ə.Amaşov bildirib ki, Azərbaycan mediasının inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır: "Bu gün bu inkişaf Prezident İlham Əliyevin səyi nəticəsində davam etdirilir".

Tədbirdə çıxış edən Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev bildirib ki, istər 1969-cu ildə Azərbaycana rəhbər təyin olunanda, istərsə də 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda Heydər Əliyevin gördüyü böyük işlər dövlətimizin və xalqımızın inkişaf tarixində müstəsna əhəmiyyət kəsb etmiş və qızıl hərflərlə yazılıb: “1991-1993-cü illər Azərbaycan tarixinə mürəkkəb dövr kimi düşüb. Hakimiyyətin səriştəsizliyi, dövlət idarəçiliyində yol verilmiş kobud səhvlərin məntiqi nəticəsi olaraq ölkədə ağır sosial-iqtisadi vəziyyət yarandı, separatçılıq, silahlı qruplaşmalar, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu. Yalnız xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində müstəqilliyimizi təhdid edən proseslərin qarşısı alındı və əsas diqqət dövlət quruculuğu məsələlərinə yönəldildi”.

O deyib ki, Ermənistanla atəşkəsə nail olunması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, demokratik sistemin və liberal iqtisadiyyatın formalaşdırılması, milli ordu quruculuğu və təhlükəsizliyin təmin olunması, yeni neft strategiyasının reallaşdırılması, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsi Ulu Öndərin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərini təşkil etdi. 1995-ci ildən başlayaraq cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara start verildi, Azərbaycanın yeni Konstitusiyası qəbul olundu, çoxpartiyalı siyasi sistem formalaşdırıldı, siyasi plüralizm Azərbaycan cəmiyyətinin normasına çevrildi, söz və mətbuat azadlığı təmin edildi.

Prezident Administrasiyasının sektor müdiri qeyd edib ki, Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə söz və məlumat azadlığının, medianın inkişafına xüsusi diqqət göstərib. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsilə qəbul edilmiş Konstitusiyada söz, fikir və məlumat azadlığı, hər kəsin məlumat almaq və yaymaq hüququ, KİV üzərində senzuranın yolverilməzliyi təsbit edilib:

“Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi. Bununla, hərbi senzuranın tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin 16 aprel 1992-ci il tarixli fərmanı və bütün informasiya yayımı üzərində nəzarəti nəzərdə tutan 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvəsini itirdi. Fərmanda nəzərdə tutulan tədbirlər müstəqil KİV-in inkişafını, vətəndaşların beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin etdi. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”, sonrakı illərdə isə medianın fəaliyyətini tənzimləyən digər çoxsaylı demokratik qanunların qəbul edildi, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olundu və dövlətin mətbuat üzərində nəzarət funksiyası aradan qaldırıldı, 2003-cü ildə isə Azərbaycan Jurnalistlərinin l Qurultayında postsovet məkanında ilk dəfə olaraq mətbuatın özünütənzimləmə orqanı funksiyasını yerinə yetirən Mətbuat Şurası yarandı. Beləliklə, məhz Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycanda medianın üzərindən dövlət nəzarəti götürüldü, onun müstəqil fəaliyyəti təmin edildi və inkişafına hərtərəfli dövlət dəstəyinin həyata keçirilməsinə başlandı. Heydər Əliyev həm də Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyini ənənəyə çevirdi. Ümummilli Lider KİV redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı sənədlər imzaladı, mətbuata güzəştli şərtlərlə kreditlər verildi, mətbuat orqanlarının dövlət nəşriyyatına borcları donduruldu”.

V.Əliyev əlavə edib ki, bu gün Azərbaycanda Heydər Əliyevin siyasəti və ənənələri uğurla davam etdirilir. Ölkədə güclü, müstəqil, obyektiv və operativ informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan KİV-lərin formalaşması və inkişafı cənab İlham Əliyevin həyata keçirdiyi media siyasətinin fəlsəfəsini təşkil edir: “Prezident İlham Əliyev jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət problemlərinin həlli ilə bağlı real addımlar atır. 2013 və 2017-ci illərdə müvafiq olaraq iki 156 və 255 mənzilli binanın təhfil verilməsi və 411 jurnalistin mənzillərlə təmin olunması dövlət başçısının jurnalistlərin sosial problemlərinin həllinə diqqət və qayğısının bariz nümunəsidir. Hazırda 255 mənzilli 3-cü binanın tikintisinə başlanıb və daha 255 jurnalist ailəsi yeni mənzillə təmin ediləcək”.

O bildirib ki, hazırda kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında uçota götürülüb və ya qeydiyyatdan keçib. Ölkədə 30-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılıb, son illər kabel televiziyasının miqyası genişlənib. Hazırda Azərbaycanda 10-u ümumrespublika olmaqla, həmçinin regional, kabel, İP və digər vasitələrlə yayımlanan 70-dən artıq teleradio yayımçısı fəaliyyət göstərir: “Əlbəttə, bütün bunlar əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətin media siyasətinin nəticəsidir”.

Tədbirdə çıxış edən digər media qurumlarının rəhbərləri də Heydər Əliyevin xidmətlərindən danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti