...

Ekspert: Paşinyan Ermənistanın qeyri-ardıcıl Qarabağ siyasətinə yeni ziddiyyət gətirdi

Siyasət Materials 11 İyun 2018 19:02 (UTC +04:00)
Paşinyan Ermənistanın qeyri-ardıcıl, bir-birinə zidd mərhələlərdən ibarət Qarabağ siyasətində daha bir ziddiyyətli mərhələ açdı.
Ekspert: Paşinyan Ermənistanın qeyri-ardıcıl Qarabağ siyasətinə yeni ziddiyyət gətirdi

Bakı. Trend:

Nikol Paşinyan Ermənistanın qeyri-ardıcıl, bir-birinə zidd mərhələlərdən ibarət Qarabağ siyasətində daha bir ziddiyyətli mərhələ açdı.

Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi tərəf kimi danışıqlar masasına gətirmək cəhdlərinin başqa adı yoxdur:

"Ümumən, işğalçı Ermənistanın 1988-ci ildən başlatdığı təcavüz siyasətinin təhlili göstərir ki, onun Dağlıq Qarabağa yönəlik siyasəti heç vaxt ardıcıl olmayıb, bir-birini inkar edən mərhələlərdən ibarətdir. Paşinyanın bu prosesə yeni ziddiyyət gətirdiyini tam görmək üçün əvvəlki ziddiyyətli mərhələləri qısaca yada salmaq kifayətdir. Hamısı da uğursuzluqla nəticələndi. 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərar qəbul etdi. 1990-cı ilin mayında Ermənistan Ali Sovetinə seçkilərdə Qarabağın ərazisi də 12 qondarma seçki dairəsi ilə təmsil olundu və guya 10 deputat seçildi. Bu, işğalçı ölkənin Dağlıq Qarabağa münasibətində ilk mərhələdir. 1991-ci ildə buna tam əks olan yeni mərhələ başladı və 1991-ci ilin 10 noyabrında Dağlıq Qarabağın müstəqillik referendumu keçirildi. Bu, ikinci ziddiyyətli mərhələ sayılmalıdır. Çünki Qarabağın Ermənistana birləşdirilməsi hara, müstəqilliyin elan edilməsi hara?!

Köçəryanla Sarkisyan üçüncü ziddiyyətin müəllifləridir. Onlar müstəqilliyini elan etmiş qondarma rejimin Ermənistanla daha sıx inteqrasiya olunmasını hər vaxt önə keçirməyə çalışdılar. Yenə uğursuz oldular".

Ekspert bildirib ki, ardıcıl olmayan bu 30 illik prosesdə N.Paşinyanın siyasəti hələlik dördüncü ziddiyyətdir:

"Paşinyan qondarma rejimi müstəqil tərəf kimi danışıqlar prosesinə qatmaqla sülh danışıqlarını və status-kvonu uzatmaq, rejimin müstəqilliyini möhkəmləndirmək cəhdini nümayiş etdirmək istəyir. Təbii ki, bu mərhələ də əvvəlkilər kimi uğursuzluğa məhkumdur. Çünki bütün bu ziddiyyətli mərhələlər Ermənistanın açıq təcavüzkar olmasından və beynəlxalq prinsipləri kobudcasına pozmasından doğan nəticələrdir. Paşinyanın rejimi Dağlıq Qarabağ siyasətində yeni ziddiyyətlərə “hamilədir”. Təbii, əgər hakimiyyətdə qala bilsə..."

Baş redaktor qeyd edib ki, Azərbaycanın Qarabağ probleminin əsl mahiyyətini dünyaya çatdırması, bir sıra qətnamə və sənədlərin qəbuluna nail olması, status-kvonu dəyişdirməyin qaçılmazlığına dünya rəsmilərini inandıra bilməsi və bütün dünyanın qondarma rejimi tanımaqdan imtina etməsi Ermənistan hakimiyyətini Qarabağ taktikasında yeni ziddiyyətlərə sövq edən güclü faktorlardır:

"Azərbaycan diplomatiyasının uğurları möhkəmləndikcə bunun təsirlərindən yayınmaq üçün Paşinyan yeni-yeni ziddiyyətli addımlar atmağa məcbur olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti