...

Tacikistan Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 10 Avqust 2018 20:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin adından Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilib
Tacikistan Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin adından Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları rəsmi ziyafətdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Çox hörmətli Emoməli Şərifoviç.

Hörmətli qonaqlar.

Əziz dostlar.

Bir daha bizim bütün əziz qonaqlarımızı Azərbaycanda səmimi qəlbdən salamlayıram. Bu gün ölkələrimiz arasındakı münasibətlərin tarixində əlamətdar gündür. Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri münasibətlərimizin inkişafında mühüm mərhələdir. Səfər çox uğurlu keçir. Biz bu gün ikitərəfli münasibətlərin gündəliyində duran bir çox məsələlərlə bağlı ətraflı danışıqlar, fikir mübadiləsi apardıq. Əməkdaşlığın möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətin genişlənməsinə ölkələrimizin sadiq olduğunu bir daha təsdiq etdik və ticari-iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün mühüm yolları müəyyənləşdirdik. Siz hamınız sənədlərin imzalanması mərasimində iştirak etmisiniz. Təkcə bu sənədlərin siyahısı münasibətlərimizin səviyyəsini xarakterizə edir. Bu gün imzalanan sənədlər xeyli fəaliyyət sahəsini əhatə edir. Əminəm ki, bunların hamısı vaxtında icra ediləcək və bu da bizim münasibətlərimiz üçün daha möhkəm təməl yaradacaq.

Biz bu gün Tacikistanın hörmətli Prezidenti ilə Birgə Bəyanat imzaladıq. Bu, bizim iradəmizi, qarşılıqlı fəaliyyətə yönələn səylərimizi, beynəlxalq vəziyyətlə bağlı məsələlərdə ümumi yanaşmanı, həmçinin Tacikistanın siyasəti çərçivəsində BMT-də su ehtiyatları ilə bağlı irəli sürdüyü çox mühüm təşəbbüslərə Azərbaycanın dəstəyini əks etdirən olduqca vacib siyasi sənəddir. Biz bu bəyanatda mahiyyət etibarilə münasibətlərimizin inkişafının əsas yollarını müəyyən etdik. Mən çox şadam ki, belə bir bəyanat bizim gələcək fəaliyyətimizin təməli olacaq.

Bu gün sənaye kooperasiyası ilə bağlı məsələlərə çox vaxt sərf etdik. Qəbul edilən qərarlar əminəm ki, qısa müddətdə çox yaxşı nəticələr verəcək. Nəticə yeni istehsalatların, istehsalat güclərinin, sənaye kooperasiyasının, yüzlərlə yeni iş yerinin yaradılmasına hədəflənəcək. Bu qərarlar bizim sənaye müəssisələrimiz arasında tamamilə yeni kooperasiya sistemi yaradacaq, ölkələrimizin nəqliyyat infrastrukturunu daha da çox yükləyəcək. Başqa sözlə, əminəm ki, səfərin nəticələri çox səmərəli olacaq və yaxın zamanda biz bunu konkret rəqəmlərdə hiss edəcəyik.

Bu gün Biz Tacikistanın hörmətli Prezidenti ilə əlbəttə ki, bizi qane etməyən əmtəə dövriyyəsinin səviyyəsi barədə fikir mübadiləsi apardıq. Amma həyata keçirilən tədbirlər və imzalanan sənədlər bizə qısa müddət ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsini bir neçə dəfə artırmağa imkan verəcək.

Bu gün biz nəqliyyat infrastrukturumuzun inteqrasiyası, sənaye istehsalında kooperasiya, xarici bazara çıxış ilə bağlı mühüm qərarlara gəlirik. Sizin bildiyiniz kimi, Azərbaycan son zamanlar nəqliyyat infrastrukturunun olduqca şaxələnmiş sistemini yaradıb. Biz böyük sərmayələr yatıraraq yeni nəqliyyat yolları yaratmışıq. Asiya ilə Avropa arasında ən qısa yol bu gün Azərbaycandan keçir. Avtomobil yollarının, yeni aeroportların, Xəzərdə iri ticarət limanının inşasına da sərmayələr qoyulub. Biz bütün bunları dostlarımıza, Mərkəzi Asiyadakı tərəfdaşlarımıza təqdim edirik. Əlbəttə ki, biz bu gün Tacikistan Prezidenti ilə bu məsələləri ətraflı müzakirə etmişik.

Səfər ölkələrimizin əməkdaşlığı dərinləşdirməyə meyilli olduğunu göstərir, ticari-iqtisadi sahədə perspektivlər açır. Biz, həmçinin sərmayələrlə bağlı məsələyə toxunduq və yaxın vaxtlarda Tacikistana sərmayə məsələlərinin öyrənilməsi üzrə konkret missiya göndəriləcək. Həmçinin kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Belə demək olarsa, diqqətimizdən kənarda qalan çox az sahələr oldu. Bütün bunlar dövlətlərimizin qarşılıqlı fəaliyyəti möhkəmləndirməkdə çox güclü siyasi iradəsinin olduğunu göstərir.

Biz Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik. Bu gün Tacikistan sabit ictimai-siyasi şəraitə malik ölkədir. Bu, inkişaf üçün olduqca mühüm amildir. Xüsusən, biz görəndə ki, Mərkəzi Asiya regionunda, bizim regionda və Yaxın Şərqdə sabitlik pozulur, qan axıdılır, yeni münaqişələr başlanır, köhnə münaqişələr öz həllini tapmır, əlbəttə ki, Tacikistanda sülhün hökm sürməsi, vətəndaş həmrəyliyi, ictimai-siyasi sabitlik – bütün bunlar Sizin ölkənizin dayanıqlı inkişafının rəhnidir. Əlbəttə ki, burada əsas rol Tacikistan Prezidenti Emoməli Şərifoviç Rəhmona məxsusdur. O, hələ Tacikistanın müstəqil dövlət kimi erkən dirçəliş mərhələlərində vətəndaş müharibəsinin qarşısının alınmasında, sülh şəraitinin, rifah və inkişafın yaranmasında böyük rol oynayıb. Əlbəttə, biz nəticələri Tacikistanın sosial-iqtisadi inkişafında görürük. Biz Sizin uğurlara sevinirik və əlbəttə, əminik ki, Prezidentin sosial-iqtisadi inkişafa, Tacikistanın dünyəvi və regional məsələlərdə rolunun və əhəmiyyətinin artmasına yönələn kursu uğurla davam etdiriləcək. Biz isə sizin dostlarınız kimi, uğurlarınızı müşahidə edəcək və sevinəcəyik, öz tərəfimizdən həm Azərbaycanın, həm də Tacikistanın gələcəkdə də uğurlu inkişafı və rifahı üçün səylərimizi əsirgəməyəcəyik.

x x x

Tacikistan Respublikasının Prezidenti Emoməli RƏHMON dost Azərbaycana rəsmi səfərə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Prezident Emoməli Rəhmon nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə dövlətimizin başçısına və Azərbaycan xalqına təşəkkür etdi. Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu xatırladan Tacikistan dövlətinin başçısı budəfəki səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Qeyd etdi ki, səfərin çox yaxşı nəticələri var və ölkələrimiz arasında tarixin sınağından çıxmış əlaqələr əməkdaşlıq haqqında yeni sazişlərlə bu gün daha da möhkəmləndirildi. Tacikistan Prezidenti vurğuladı ki, səfər çərçivəsində aparılan konstruktiv və səmimi danışıqlar bir daha sübut etdi ki, dövlətlərarası münasibətləri və çoxplanlı əməkdaşlığı tez bir zamanda daha yüksək səviyyəyə qaldırmaq üçün bütün zəruri imkanlar var. Emoməli Rəhmon Azərbaycan dövlətinin başçısı ilə ənənəvi görüşlərin iki ölkə arasında bütün formatlarda uğurlu qarşılılıqlı fəaliyyəti daha da dərinləşdirmək üçün çox vacib olduğunu bildirdi.

Xalqlarımızı ümumi tarixin, mədəniyyətin, dinin, adət-ənənələrin birləşdirdiyini vurğulayan Prezident Emoməli Rəhmon dedi:

-Azərbaycanın incəsənət xadimləri çıxış edəndə, televiziyada, yaxud radioda veriliş gedəndə və Azərbaycan musiqisi, mahnısı eşidiləndə dərhal bizdə - Tacikistanda bunu öz sənəti kimi qəbul edirlər. Onlar buna çox diqqətlə yanaşırlar. Çox diqqətlə. Biz uğurlarınıza sevinirik. Mən bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən bunun canlı şahidiyəm. Münasibətlərimizin ilk günündən görürəm ki, təkcə paytaxt Bakının deyil, bütün Azərbaycanın siması dəyişir. Mən Qəbələdə, digər sənaye regionlarında olmuşam. İnkişaf göz qabağındadır. Bilirsiniz, Bakı mirvaridir, dünya səviyyəli şəhərdir.

Azərbaycanın inkişafının Prezident İlham Əliyevin böyük səyləri nəticəsində əldə olunduğunu deyən Tacikistan Prezidenti vurğuladı ki, qədim tarixi, mədəniyyəti, sivilizasiyası olan Azərbaycan xalqı bu uğurlara layiqdir və Tacikistanda ölkəmizin nailiyyətlərinə sevinirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti