...

Avropa Parlamentinin üzvü Eleni Teoxarus erməni diaspor təşkilatlarının sifarişi əsasında fəaliyyət göstərir

Siyasət Materials 3 Oktyabr 2018 12:58 (UTC +04:00)
Avropa Parlamentinin üzvü Eleni Teoxarus erməni diaspor təşkilatlarının sifarişi əsasında fəaliyyət göstərir.
Avropa Parlamentinin üzvü Eleni Teoxarus erməni diaspor təşkilatlarının sifarişi əsasında fəaliyyət göstərir

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarus erməni diaspor təşkilatlarının sifarişi əsasında fəaliyyət göstərir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, E.Teoxarus dəfələrlə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edib, bunun nəticəsində ölkəyə “girişi arzu olunmayan şəxslərin siyahısı”na daxil edilib və Azərbaycanın mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda dəfələrlə, xüsusən sonuncu dəfə 2017-ci il fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “referendum”da “müşahidəçi” qismində iştirak etmək üçün keçməsinə əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barəsində beynəlxalq axtarış elan olunması üçün İnterpola müvafiq sorğu göndərilib.

Millət vəkili bildirib ki, hələ 1990-cı illərdən həkimlik fəaliyyəti çərçivəsində Ermənistan və erməni lobbiçilik torunun alətinə çevrilən bu kiprli deputat Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirib və bu xidmətlərinə görə “Dağlıq Qarabağın şərəf qızıl medalı” adlı qondarma medala layiq görülüb: "Maraqlıdır ki, peşəkar cərrah, "Hippokrat andı" içmiş həkim Eleni Teoxarus erməni silahlı qüvvələri tərəfindən 1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edilən zamanı yüz minlərlə insanın üzləşdiyi etnik təmizləməyə, 1992-ci il fevralın 26-da Xocalı şəhərində yalnız bir gecədə 600-dən çox mülki azərbaycanlının qətliamına göz yumaraq, nədənsə “humanitar” xidmətlərini Dağlıq Qarabağın məhz erməni icmasına təklif etməklə kifayətlənib".

A.Hüseynov vurğulayıb ki, E.Teoxarusun Ermənistan və erməni diaspor təşkilatlarının sifarişi əsasında Azərbaycan torpaqlarının hərbi işğalı nəticəsində yaradılmış qondarma rejimin beynəlxalq müstəvidə, xüsusilə də AP çərçivəsində təşviq etdiyi göz qabağındadır: "Avropa Parlamenti üzvünün Azərbaycanın işğal edilmiş ərazilərinə çoxsaylı qanunsuz səfərlərindən sonuncusunda - bu ilin 27 sentyabr tarixində onu müşayiət edən Kaspar Karampetyan olub, o Karametyan ki, Avropada erməni işğalını legitimləşdirmək istiqamətində fəaliyyət göstərir".

Onun sözlərinə görə, daha bir məqam ondan ibarətdir ki, Avropa Parlamentinin üzvü qismində üçüncü tərəf vasitəsilə maliyyələşdirilən tədbirlərdə iştirakına dair bəyanat vermək məcburiyyətində olan E.Teoxarus bu günədək Azərbaycanın işğal edilmiş ərazilərinə çoxsaylı səfərlər etməsinə rəğmən, AP-nin rəsmi internet səhifəsində yalnız 2017-ci ilin fevral ayında Dağlıq Qarabağda keçirilən qondarma “referendum”da iştirakla bağlı səfərinə dair bəyanatı yerləşdirilib:

"Qanunsuz səfərlərinin hər birini Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə və bir növ, AP-nin rəsmi nümayəndə heyətinə rəhbərlik edirmiş kimi qələmə verməyə çalışan Teoxarusun bu fəaliyyəti Avropa Parlamenti üzvlüyündən sui-istifadə halı deməkdir, eləcə də o, xaricdən maliyyələşən səfərləri haqqında AP-yə müvafiq açıqlama verməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti