Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan bütün beynəlxalq təşkilatlar qarşısında öhdəliyini yerinə yetirən qabaqcıl ölkələr sırasında yer alıb. Xüsusilə terrorçuluğa qarşı mübarizədə daim öz fəallığı ilə seçilib və bu bir faktdır ki, Azərbaycanın özü terrordan əziyyət çəkən ölkədir və beynəlxalq terrorizmə qarşı mübarizədə bütün əməkdaşlıqlarda yer alıb, terrorla mübarizə təşkilatları ilə həmrəylini, əməkdaşlığını artıq uzun illərdir ki, uğurla davam etdirir.
Bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Avropa Şurasının MONEYVAL Komitəsinin ölkəmizin terrorçuluqla mübarizədə əldə etdiyi uğurlarını sübut edən qiymətləndirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əbəs deyil ki, Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və apardığı mübarizənin müsbət nəticələr əldə etdiyini təsdiqləyib:
"Bu faktın özü həm də belə deməyə kifayət qədər zəmin yaradır ki, artıq aparıcı dünya dövlətləri ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın istər terrorçuluqla mübarizədə, istərsə də digər məsələlərdə apardığı işlərə böyük dəyər və önəm verməkdədirlər. Eyni zamanda, daha bir faktı xatırlatmaq istərdim ki, bu günlərdə Dünya İqtisadiyyatı İnstitunun “Qlobal Terrorçuluq İndeksi” hesabatında Azərbaycan reytinq cədvəlində 98-ci yeri tutmaqla, regionda lider ölkə kimi qeydə alınıb. Bu reytinq cədvəlində terror təhlükəsi olan ölkələr ilk sıralarda, terror təhlükəsi olmayan ölkələr isə daha aşağı sıralarda yer alıblar".
Ekspert digər bir mühüm məsələyə də toxunaraq bildirib ki, Azərbaycan terrorla mübarizə aparan ölkə olmaqla yanaşı, həm də sabitlik və təhlükəsizlik məkanıdır:
“XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel 2018” ilə tanışlığı zamanı Prezident İlham Əliyev “Rossiya 24” telekanalına müsahibəsində Azərbaycanın turizm potensialından bəhs edərkən, ölkəmizi dünyanın ən təhlükəsiz yerlərindən biri olduğunu xüsusilə vurğuladı. Məhz belə mühüm faktorlardan bu nəticəyə gəlmək olar ki, Azərbaycan istər terrorla mübarizədə, istərsə də təhlükəsizliyin təmin olunmasında öz liderlik mövqeyini qoruyub saxlayır”.