Bakı. Trend:
İnfrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada aparıcının sualını cavablandırarkən deyib.
Dövlətimizin başçısı qeyd edib: “İnfrastruktura gəlincə, biz onu əsasən dövlət büdcəsindən maliyyəşdirmişik. Hesab edirəm ki, infrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq və indi biz bununla fərəhlənə bilərik”.
İlham Əliyev vurğulayıb ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən yolların keyfiyyətinə gəlincə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb:
“Bunu biz neft və qaz satışlarından əldə etdiyimiz vəsaitlə etdik. Sonra əlbəttə ki, bu, biznes mühitinin yaradılmasına gətirib çıxardı. Çünki sizin müasir infrastrukturunuz, qazlaşdırmanız, elektrik enerjiniz, yaxşı yollarınız və magistrallarınız olduqda onda bizneslər üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görmüşük. Dünya Bankının ən son “Doing Business” hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pillə yaxşılaşdırmışıq. Biz Dünya Bankının bu proqramında on ən çox islahatçı ölkə arasındayıq”.