...

Leyla Abdullayeva: Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!

Nəzər nöqtəsi Materials 18 İyul 2019 19:04 (UTC +04:00)
Bu hadisə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində deyil, məhz Ermənistan-Azərbaycan sərhədində baş verib.
Leyla Abdullayeva: Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqelərini iri çaplı silahlardan atəşə tutmuş və hadisə zamanı Dövlət Sərhəd Xidmətinin əsgəri Ceyhun Bayramov yaralanıb. Xüsusilə vurğulamaq istərdik ki, bu hadisə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində deyil, məhz Ermənistan-Azərbaycan sərhədində baş verib.

Bunu Trend-ə XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.

L.Abdullayevanın sözlərinə görə, Ermənistanın Baş naziri dünən müsahibəsində münaqişənin həlli üzrə aparılan danışıqların konkret nəticə verməsi üçün erməni və azərbaycanlı xalqların maraqlarına cavab verən həllin əldə olunmasının vacibliyindən bəhs edib:

"Bu bəyanatın verilməsindən bir neçə saat sonra Ermənistan-Azərbaycan sərhədində sözügedən insident baş vermişdir. Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?! Baş vermiş bu hadisə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı məlum çağırışına tam şəkildə ziddir.

Ermənistan rəhbərliyi sonunda anlamalıdır ki, həm erməni, həm də azərbaycanlı xalqlarının marağında olan əsas məsələ bölgədə davamlı sülh və rifahın təmin olunmasıdır. Buna nail olmağın yeganə yolu isə hərbi işğal faktorunun aradan qaldırılması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasıdır. Yalnız bundan sonra bölgədə hər iki xalqın marağına cavab verən dayanıqlı sülh, inkişaf və tərəqqi təmin olunacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti