...

Xocalıda insanlıq əleyhinə törədilənlər Türkiyəyə qarşı da cinayətdir – TBMM Sədri (ÖZƏL)

Siyasət Materials 18 Dekabr 2019 17:00 (UTC +04:00)
Bir millət olduğumuz üçün Xocalıda insanlıq əleyhinə törədilənlər Türkiyəyə qarşı da cinayətdir.
Xocalıda insanlıq əleyhinə törədilənlər Türkiyəyə qarşı da cinayətdir – TBMM Sədri (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bir millət olduğumuz üçün Xocalıda insanlıq əleyhinə törədilənlər Türkiyəyə qarşı da cinayətdir.

Bunu Trend-ə özəl müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop bildirib.

M.Şentop qeyd edib ki, bunu başda Prezidentimiz olmaqla, bütün rəsmilərimiz müvafiq platformalarda səsləndirib və Xocalıda insanlıq əleyhinə yaşanan cinayətlərin gerçək üzünü dünyaya bəyan ediblər:

“Xocalı faciəsi məsələsində Türkiyə hər zaman azərbaycanlı qardaşlarının haqlı mövqeyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".

ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qətnaməsinin qəbuluna münasibət bildirən TBMM Sədri vurğulayıb ki, fərqli ölkələrin Türkiyəyə qarşı bu cür düşmən mövqeləri davam edərsə, Türkiyə də vəziyyəti yenidən qiymətləndirəcək və yeni bir prinsipial mövqe müəyyən edəcək: "Mən - ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qətnaməsini ciddi qəbul etmək lazım deyil - deyə, bir açıqlama vermişdim. Çünki bu qətnamə Ankara və Vaşinqton arasında olan siyasi-iqtisadi məsələləri gözardı edərək Türkiyəni narahat etmək üçün atılan bir addımdır".

TBMM sədri hesab edir ki, ABŞ-ın əsas hədəfi Türkiyə ilə bağlı gündəmdə müzakirə edilən məsələlərdə söz sahibi olmaq və bununla da Türkiyəni sıxışdırmaq, strateji fəaliyyət qabiliyyətini azaltmaqdır. Birləşmiş Ştatlar buna nail olmaq üçün əlindən gələni edir.

M.Şentopun sözlərinə görə, ABŞ hesab edir ki, təhdid və embarqo ilə Türkiyə geri addım atacaq, lakin Türkiyə əvvəlki zəif və təhdidlərə boyun əyəcək ölkə deyil: "Türkiyə digər ölkələrlə münasibətlərini etibar və səmimiyyət üzərində qurub. Lakin Ermənistan tərəfi bu vaxta qədər konkret bir addım atmayıb. 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiyanın yaradılması və arxivlərin açılması təklifi Türkiyənin atdığı addımlardır. 100 il əvvəl baş verən hadisələri mühakimə etmək və ya qərar vermək siyasət və ya siyasətçilərin işi deyil, bu hadisələrin araşdırılması üçün qarşı tərəf də arxivləri açsın. 2005-ci ildə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan "1915-ci il hadisələrini fərqli ölkələrdən olan tarixçilər araşdırsın" təklifi ilə çıxış edib".

TBMM Sədri onu da bildirib ki, Ermənistan bunun əksinə olaraq hər il bir çox ölkədə Türkiyə əleyhinə ittiham və iftiralar səsləndirməyə davam edir: "Bütün bunları nəzərə aldıqda, Ermənistan tərəfinin etibarlı siyasi kurs izləmədiyini görürük”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti