Bakı. Trend:
Ermənistanın son təxribatçı hərəkətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə davam edən danışıqlar prosesinə mane olur.
Trend-in məlumatına görə, bu Bolqarıstan parlamentinin Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun sədri Həmid Həmidin Azərbaycan Milli Məclisinin Azərbaycan-Bolqarıstan Parlamentlərarası İşçi qrupunun rəhbəri Rauf Əliyevə göndərdiyi məktubda deyilir.
Məktubda bildirilir: "Son vaxtlar beynəlxalq ictimaiyyət bu dəfə Azərbaycanın beynəlxalq sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan və Azərbaycan arasında gərginliyin artmasının şahidi olmuşdur. Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisinin Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun sədri qismində Ermənistan ordusu tərəfindən 12-14 iyul 2020-ci il tarixində törədilmiş hərbi təxribatı qətiyyətlə qınayıram.
Son təxribatçı hərəkətlər Azərbaycan və onun Avropalı tərəfdaşları tərəfindən həyata keçirilən Şərq-Qərb nəqliyyat dəhlizi və Cənub Qaz Dəhlizi enerji layihələri üçün təhdid olaraq dəyərləndirilməlidir. Həmin layihələr Bolqarıstan da daxil olmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu təxribat nəinki regionun, eləcə də bütünlükdə Avropa qitəsinin enerji təhlükəsizliyi və iqtisadi faydalarını təhlükə altına qoymaq məqsədi daşıyır. Bu baxımından hesab edirəm ki, bu həyati vacib dəhliz Bolqarıstan da daxil olmaqla, Aİ ölkələrinin maraqlarının təmin olunması baxımından olduqca vacibdir.
Ermənistanın son təxribatçı hərəkətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə davam edən danışıqlar prosesinə mane olur. Beynəlxalq hüququn fundamental norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884)və 2015-ci il Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni rəhbər tutaraq, BMT, ATƏT, Avropa Şurasının etibarlı üzvü və Aİ və NATO-nun hörmətli tərəfdaşı kimi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını tamamilə dəstəkləyirəm. Həmçinin Aİ Xarici İşlər Nazirləri Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə siyasəti ilə bağlı nəticələrini xatırlatmaq istərdim ki, bu da “ortaq demokratiya, rifah və sabitlik sahəsi qurmaq üçün ortaq öhdəliyi” bir daha təsdiq etmişdir. Bu, Helsinki Yekun Aktı və ATƏT-in Paris Xartiyasının prinsiplərində qeyd edildiyi kimi, beynəlxalq qayda, beynəlxalq hüquq, xüsusilə ərazi bütövlüyü, müstəqillik və suverenliyə əsaslanan qaydalara ortaq öhdəliyimizi təsbit edir.
Eyni zamanda xatırladıram ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğal siyasətini və onun sərhəddə törədilmiş təxribatçı hərəkətlərini kəskin şəkildə qınamalıdır. Vəziyyətin yeni müharibə ocağına çevrilməsinin qarşının alınması məqsədilə beynəlxalq ictimaiyyət bu problemə mümkün qədər tez bir zamanda müdaxilə etməlidir.
Azərbaycan Respublikası ilə həmrəyliyimi ifadə edir və beynəlxalq tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini səbirsizliklə gözləyirəm.
Bundan əlavə, həlak olmuş şəxslərin ailələrinə baş sağlığı bildirir və yaralananlara şəfa diləyirəm".